İşsizlərin sayı artıb - İqtisadçı səbəbləri açıqladı

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. 2025-ci il sentyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında isə 237 min işsiz qeydiyyatda olub, onların 50,1%-i qadınlar təşkil edib.
İqtisadçı Eldəniz Əmirov Sfera.az-a açıqlamasında bildirib ki, qeydiyyatda olan işsizlərin sayının artmasını əmək bazarında işsizliyin yüksəlməsi ilə əlaqələndirmir.
O deyib ki, hazırda qeydiyyatda olan şəxslərin bir qismi əvvəlki illərdə də işsiz olub, sadəcə Dövlət Məşğulluq Agentliyində qeydiyyata düşməyib:
”Agentliyin məşğulluğun təmin olunması istiqamətində həyata keçirdiyi dəstək proqramları barədə məlumatlılıq artıb. Həm paytaxtda, həm də regionlarda yaşayan insanlar bu layihələrdən xəbər tutaraq onlardan yararlanmağa çalışırlar”.

E.Əmirov qeyd edib ki, özünüməşğulluq proqramı kimi dəstək mexanizmlərindən faydalanmaq istəyən şəxslər əvvəlcə qeydiyyata düşməlidirlər:
“Buna görə də qeydiyyatda olan işsizlərin sayındakı artım daha çox insanların mövcud imkanlardan xəbərdar olması və həmin dəstəklərdən yararlanmaq üçün müraciət etməsi ilə bağlıdır”.
İqtisadçı hesab edir ki, bu göstəriciləri birbaşa işsizliyin artması kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, artımın əsas səbəbi əvvəlki illərdə də işsiz olan şəxslərin indi rəsmi qeydiyyata alınmasıdır.
İradə Elsevər






