Büdcə gəlirləri artır - Maaş və müavinət də artacaqmı?

Neftin bahalaşması və inflyasiyanın bir qədər yüksək olması hesabına dövlət büdcəsinin gəlirlərində artım müşahidə edilir. İnsanlar belə vəziyyətdə əməkhaqqı və müavinətlərin məbləğində də artımı gözləyir.
Bəs büdcənin mövcud vəziyyəti belə artımlara imkan verirmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, büdcə gəlirlərinin artması əməkhaqqı və müavinətlərin artırılması üçün əlavə imkan yaradır, lakin bu, belə artımların avtomatik maliyyələşdirilə biləcəyi anlamına gəlmir.
Onun sözlərinə görə, burada əsas məsələ gəlirlərin nə qədər artması ilə yanaşı, bu artımın davamlı olub-olmamasıdır:
“Neft qiymətlərinin yüksəlməsi büdcəyə əlavə gəlir gətirə bilər, lakin neft gəlirlərinin dəyişkən olması səbəbindən dövlət uzunmüddətli sosial öhdəlikləri yalnız bu amilə əsaslandırmamalıdır”.

Ekspert qeyd edib ki, yüksək inflyasiya əhalinin nominal gəlirlərinin real alıcılıq qabiliyyətini azaldır. O bildirdi ki, bu baxımdan əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosial cəhətdən əsaslandırıla bilər:
“Xüsusilə ərzaq və gündəlik istehlak xərclərinin daha sürətli bahalaşdığı şəraitdə nominal artım əhalinin əvvəlki gəlir səviyyəsini qorumaq baxımından mühüm rol oynayır”.
A.Nəsirli deyib ki, büdcənin imkanlarını qiymətləndirərkən yalnız gəlirlərə deyil, xərclərin strukturuna da diqqət yetirilməlidir:
"Dövlət borcu, müdafiə və təhlükəsizlik, investisiya layihələri, dövlət proqramları və digər məcburi xərclər nəzərə alınmalıdır. Əgər əlavə neft gəlirlərinin bir hissəsi davamlı xarakter daşıyırsa və büdcədə kifayət qədər fiskal ehtiyat qalırsa, sosial ödənişlərin artırılması üçün imkan daha geniş olur”.
Ekspert hesab edir ki, ən real yanaşma əməkhaqqı və sosial ödənişlərin inflyasiya qarşısında alıcılıq qabiliyyətinin qorunmasına üstünlük verməkdir:
"Artım birdəfəlik deyil, növbəti illərdə də büdcəyə ciddi yük yaratmayacaq şəkildə planlaşdırılmalıdır. Maaş və müavinətlərin artırılması ilə yanaşı, inflyasiyanın əsas səbəblərinin də aradan qaldırılması vacibdir. Əgər maaş və müavinətlər artır, amma ərzaq, xidmət və digər əsas xərclər daha sürətlə bahalaşırsa, nominal artımın əhalinin real gəlirinə təsiri məhdud qalacaq. Buna görə sosial ödənişlərin artırılması ilə yanaşı, qiymət artımının əsas mənbələrinin zəiflədilməsi daha davamlı nəticə verər”.
İradə Elsevər






