Neft bahalaşır - İnflyasiyanın yüksəlmə riski var

“Brent” neftinin qiyməti 105 dollara çatıb. Son illərin qiymət səviyyəsinə nəzər yetirdikdə görürük ki, mövcud qiymətlər çox yüksəkdir.
Neftin dəyərinin yüksəlməsi Azərbaycan kimi neft ixrac edən ölkələr üçün əlverişlidir. Amma yanacağın bahalaşması digər məhsulların da dəyərinin yüksəlməsinə səbəb olduğundan yüksək neft qiymətlərinin həm də zərərli olduğu bildirilir.
Bəs neft qiymətlərinin bu səviyyədə qalma ehtimalı varmı və bu digər mal və xidmətlərin dəyərini artıracaqmı?
İqtisadçı Asif ibrahimov Sfera.az-a açıqlamasında bildirib ki, sentyabrın 11-də “Brent”in qiyməti gün ərzində təxminən 120 dollara yüksəlsə də, sonradan 104 dollar ətrafına geriləyib.
Onun sözlərinə görə, geosiyasi risklər uzanarsa və qlobal neft təchizatında real azalma davam edərsə, “Brent”in qiymətinin yenidən 120 dollara çatması mümkündür. Ekspert dedi ki, əksinə, diplomatik proseslərin sürətlənməsi, daşımaların bərpası və alternativ təchizat kanallarının işə düşməsi qiymətlərin aşağı düşməsinə səbəb ola bilər:

"Neftin bahalaşması digər məhsul və xidmətlərin qiymətlərinə də təsir göstərə bilər. Belə ki, nəqliyyat, logistika, aviasiya, enerji, neft-kimya və gübrə xərclərinin artması istehsalın maya dəyərini yüksəldə bilər. Bahalaşmanın ərzaq qiymətlərinə də təsir göstərməsi mümkündür".
A.İbrahimovun fikrincə, Azərbaycan üçün yüksək neft qiymətlərinin həm müsbət, həm də mənfi tərəfləri var:
"Neft ixracından gəlirlərin artması büdcə və Dövlət Neft Fondunun gəlirlərini yüksəldir. Digər tərəfdən, dünya bazarında enerji və xammalın bahalaşması idxal olunan məhsulların maya dəyərinə və daxili qiymətlərə təzyiq yarada bilər".
Ekspert hesab edir ki, əsas risk neftin 120 dollara çatması deyil, qiymətlərin uzun müddət yüksək səviyyədə qalmasıdır:
"Əlavə neft gəlirlərinin istehsal, logistika, kənd təsərrüfatı, enerji və su infrastrukturu kimi sahələrə yönəldilməsi iqtisadiyyatın dayanıqlığını artırmağa kömək edə bilər".
İradə Elsevər






