Cənubi Qafqazda sülh: Qiymətlərə təsiri necə olacaq?

Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət yekunlaşması və regionda nəqliyyat-kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın iqtisadi xəritəsini kökündən dəyişmək potensialına malikdir. Regional bağlantıların bərpası və blokadanın aradan qaldırılması təkcə böyük tranzit gəlirləri gətirməyəcək, həm də logistika xərclərini kəskin azaldaraq daxili bazarda bir çox idxal məhsullarının qiymətlərinə birbaşa ucuzlaşma təzyiqi yaradacaq.
Yolların açılması, iqtisadi əlaqələrin bərpası hansı məhsulların qiymətinə təsir edəcək?
İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, regional ticarət yollarının açılmasından ən çox ərzaq və kənd təsərrüfatı məhsulları üzrə fayda əldə etmək mümkündür.
Onun sözlərinə görə, taxıl, un, yem, meyvə-tərəvəz, bəzi ərzaq xammalı və digər məhsulların daşınma məsafəsinin və logistika xərclərinin azalması son qiymətlərə aşağı istiqamətli təsir göstərə bilər.
O qeyd edib ki, yeni marşrutların Rusiya, Mərkəzi Asiya, Türkiyə və İran bazarlarına çıxış imkanlarını genişləndirməsi Azərbaycanda təchizat alternativlərini də artıra bilər. A.İbrahimov söylədi ki, bu, xüsusilə idxaldan asılı olan məhsulların daha rəqabətli qiymətlərlə bazara daxil olmasına imkan yaratmaq imkanı var:
“Regional əməkdaşlığın genişlənməsi enerji resurslarının qarşılıqlı tədarükünü asanlaşdıra və alternativ təchizat mənbələrini artıra bilər. Lakin bu, benzin və dizelin qiymətinin avtomatik şəkildə kəskin ucuzlaşacağı anlamına gəlmir. Çünki yanacağın qiymətinə nəqliyyat xərcləri ilə yanaşı, vergilər, tariflər və dünya bazarındakı qiymətlər də təsir göstərir”.

İqtisadçı hesab edir ki, ən böyük potensial gübrə, kənd təsərrüfatı xammalı və tikinti materiallarında müşahidə oluna bilər:
“Bu məhsulların daşınmasının ucuzlaşması yalnız onların öz qiymətinə deyil, istehsal prosesində istifadə olunduqları digər məhsulların maya dəyərinə də təsir edə bilər. Gübrənin və yem məhsullarının daha ucuz və sürətli gətirilməsi kənd təsərrüfatında istehsal xərclərinə, nəticə etibarilə isə bəzi ərzaq məhsullarının qiymətinə təsir göstərə bilər”.
A.İbrahimov əsas risklərdən birinin logistika xərclərindəki azalmanın istehlakçıya çatmaması olduğunu diqqətə çatdırıb. Onun fikrincə, daşınma xərclərinin azalması nəticəsində yaranan fərq ticarətçi və ya vasitəçinin əlavə marjasına çevrilərsə, bundan vətəndaşın faydalanması mümkün olmayacaq:
“Regional ticarət yolları açıldıqdan sonra mövcud yanaşmalar dəyişməzsə, yeni marşrutların məhsul qiymətlərinin aşağı düşməsinə təsiri məhdud qala bilər. Azərbaycan qarşısında əsas seçim ölkə daxilində rəqabətli və məhsuldar istehsal qurmaq, logistikanı ucuzlaşdırmaq, gömrük yükünü optimallaşdırmaq və bazarda sağlam rəqabəti təmin etmək, yaxud daha açıq ticarət modelinə keçməkdir. Regional ticarət yollarının açılmasının əsas nəticəsi yolların hansı istiqamətdən keçməsindən deyil, onların Azərbaycan vətəndaşının gündəlik xərclərinə necə təsir etməsindən asılı olacaq”.
İradə Elsevər






