Əcnəbilər də manata etibar edir - Milli valyutada yığımlar artır

Azərbaycan banklarında fiziki şəxslərin manatla saxladığı əmanətlərin həcmində və xüsusi çəkisində artım əlamətləri əcnəbilərin vəsaitlərində də müşahidə edilir.
Sfera.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin avqustun 1-nə olan məlumata əsasən, banklarda fiziki şəxslərin 17,9 milyard manata yaxın əmanəti var.
Bu qədər əmanətin 16,41 milyard manatı, yəni 91,67 faizi Azərbaycan vətəndaşlarına, 1,48 milyard manatı əcnəbilərə məxsusdur.
Statistik rəqəmlərdəki dəyişiklik göstərir ki, əmanətlərdə manatlaşma sürətlə gedir və əcnəbilərin vəsaitləri də bu prosesdən kənarda qalmır.
2026-cı ildə banklarda əcnəbilərə məxsus olan əmanətlərin məbləği azalıb. Ötən ilin sonunda əcnəbilər 1,493 milyard manat dəyərində əmanətə sahib olduğu halda, 2026-cı ilin avqustun 1-də əmanətlərin dəyəri 1,485 milyard manata qədər azalıb.
Məlumatların təhlilindən görünür ki, azalma xarici valyutada olan vəsaitlərdə baş verib. Belə ki, əcnəbilərin manatla olan əmanətləri artıb, xarici valyutada olan vəsaitləri isə azalıb.
Ötən ilin sonunda əcnəbilərin milli valyutada 597 milyon manat, xarici valyutada 896 milyon manat əmanəti var idi. Son məlumata əsasən, manatla olan əmanətlərin həcmi 694 milyon manat, xarici valyutada olan əmanətlərin dəyəri isə 790 milyon manat olub.
Son 7 ayda əcnəbilər manatla əmanətləri təxminən 97 milyon manat (16,2 faiz) artıb, xarici valyutada olan vəsaitlər 106 milyon manat (11,8 faiz) azalıb.
Hazırda əcnəbilərə aid olan əmanətlərin 46,7 faizi manatla saxlanılır. Halbuki, ötən ilin sonunda əmanətlərin 40 faizi, 2024-cü ilin sonunda 35,5 faizi, 2023-cü ilin sonunda isə 32 faizi manatla idi.
Dinamika göstərir ki, vəziyyət dəyişməsə 2027-ci ildə əcnəbilərin əmanətlərinin daha çox hissəsi manatla olacaq.
Müqayisə üçün bildirək ki, Azərbaycan vətəndaşlarının əmanətlərinin 74,4 faizi manatladır. Bu göstərici 2025-ci ilin sonunda 72 faiz, 2024-cü ildə 70 faiz, 2023-cü ildə 70,5 faiz idi.
Vasif






