Bakı-Daşkənd əməkdaşlığında yeni dövr: 1 milyard dollarlıq hədəf

Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlənən münasibətlər artıq yalnız siyasi və mədəni yaxınlıqla məhdudlaşmır.
Bakı ilə Daşkənd arasında iqtisadiyyat, nəqliyyat, enerji, investisiya və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlıq genişlənir. İki ölkənin münasibətlərində baş verən dəyişikliklər isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı əlaqələrin gələcəyi baxımından da diqqət çəkir.
Son illərdə Azərbaycan və Özbəkistan prezidentləri arasında qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərin siyasi əsasını daha da möhkəmləndirib. 2024-cü ildə imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və ardınca qəbul edilən müttəfiqlik münasibətləri haqqında müqavilə bu əlaqələrdə yeni mərhələnin əsasını qoyub.
İndi isə əsas diqqət siyasi sənədlərdən onların iqtisadi və praktiki nəticələrinə yönəlir.
Ticarətdə 1 milyard dollarlıq hədəf
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin əsas göstəricilərindən biri ticarət dövriyyəsindəki artımdır. Açıqlanmış məlumatlara görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında isə artımın davam etdiyi göstərilir. Tərəflər qarşılıqlı ticarətin 2030-cu ilədək 1 milyard dollara çatdırılmasını hədəfləyirlər. Burada diqqət çəkən məqam təkcə rəqəmin böyüməsi deyil. Azərbaycan və Özbəkistan iqtisadi münasibətləri tədricən klassik ticarət modelindən qarşılıqlı investisiya və birgə istehsal mərhələsinə keçirməyə çalışırlar. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin kapitalının 500 milyon dollara çatdırılması da bu siyasətin mühüm elementlərindən biri kimi təqdim olunur. Azərbaycanda Özbəkistan investisiyalı şirkətlərin sayının 130-u keçməsi də qarşılıqlı iqtisadi marağın artdığını göstərir.
Bakı Daşkənd üçün niyə vacibdir?
Özbəkistanın Azərbaycanla münasibətlərində nəqliyyat amili xüsusi yer tutur. Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkəsi kimi Özbəkistan üçün Xəzər üzərindən Azərbaycan və daha sonra Türkiyə və Avropa bazarlarına çıxış imkanları strateji əhəmiyyət daşıyır.
Bu baxımdan Orta Dəhliz iki ölkənin maraqlarının kəsişdiyi əsas istiqamətlərdən birinə çevrilir.
Daşkənddən çıxan yükün Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən qərbə daşınması Bakı üçün tranzit imkanlarını artırdığı kimi, Özbəkistanın da alternativ nəqliyyat marşrutlarına çıxışını genişləndirir. Beləliklə, Azərbaycan-Özbəkistan əməkdaşlığında nəqliyyat artıq ayrıca sahə kimi deyil, iqtisadi əlaqələrin əsas dayaqlarından biri kimi önə çıxır.
C5-dən C6-ya keçid
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində 2025-ci il daha bir mühüm hadisə ilə yadda qaldı. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşuldu. Beləliklə, əvvəllər beş Mərkəzi Asiya dövlətini əhatə edən format Azərbaycanın iştirakı ilə genişləndi. Bu hadisə Bakı üçün yalnız diplomatik uğur kimi qiymətləndirilə bilməz. Azərbaycanın Mərkəzi Asiyanın siyasi və iqtisadi platformalarında iştirakının genişlənməsi ölkənin regiondakı rolunu da artırır. Bu prosesdə Özbəkistanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki Daşkənd Azərbaycanın Mərkəzi Asiyaya inteqrasiyasında əsas tərəfdaşlardan biri kimi çıxış edir.
Enerjidə yeni imkanlar
İki ölkə arasında əməkdaşlığın digər mühüm istiqaməti enerji sektorudur. SOCAR ilə Özbəkistan arasında neft-qaz sahəsində əməkdaşlıq imkanları genişlənir. Bununla yanaşı, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yaşıl enerji layihələri də gündəmin əsas mövzularından birinə çevrilir. Bu istiqamət Orta Dəhlizin gələcək əhəmiyyətini də artıra bilər.
Çünki söhbət artıq yalnız yüklərin bir ölkədən digərinə daşınmasından getmir. Nəqliyyat, enerji, sənaye və investisiya layihələrinin eyni regional xətt üzərində birləşdirilməsi daha böyük iqtisadi platformanın yaranmasına şərait yarada bilər.
Mədəni yaxınlıq iqtisadi əlaqələri tamamlayır
Prezident İlham Əliyevin də bildirdiyi kimi, iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Bu xüsusda hazırkı mərhələdə də Azərbaycan-Özbəkistan münasibətlərinin sürətli inkişafında mədəni və humanitar əlaqələrin mühüm rolu var. Qarşılıqlı Mədəniyyət Günləri, “Şuşa Günləri”, tələbə mübadilələri, təhsil layihələri, qardaşlaşmış şəhərlər və müxtəlif mədəni təşəbbüslər iki ölkə arasında əlaqələrin sosial əsasını gücləndirir. Bakıda 5 hektarlıq “Özbəkistan” parkının yaradılması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi, Bakı-Daşkənd və Şuşa-Xivə kimi əlaqələrin inkişaf etdirilməsi də bu siyasətin nümunələrindəndir. Bu layihələr siyasi və iqtisadi əməkdaşlığın cəmiyyətlər arasındakı münasibətlərlə tamamlanmasına xidmət edir.
Azərbaycan-Özbəkistan xətti nə vəd edir?
Hazırkı mənzərə göstərir ki, Bakı ilə Daşkənd arasındakı münasibətlər bir neçə istiqamətdə paralel şəkildə inkişaf edir. Siyasi müttəfiqlik, artan ticarət, qarşılıqlı investisiyalar, Orta Dəhliz, enerji əməkdaşlığı və Azərbaycanın Mərkəzi Asiyanın regional platformalarında daha fəal iştirakı eyni prosesin müxtəlif tərəflərini təşkil edir. Əsas məsələ isə bu imkanların real iqtisadi nəticələrə çevrilməsidir. 795 milyon dollarlıq ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması mühüm hədəf olsa da, uzunmüddətli perspektivdə əsas göstəricilər birgə müəssisələrin, investisiyaların, istehsal layihələrinin və tranzit daşımalarının artımı olacaq.
Əgər bu istiqamətlər üzrə nəzərdə tutulan layihələr reallaşarsa, Azərbaycan-Özbəkistan münasibətləri yalnız iki ölkə arasındakı strateji tərəfdaşlıq nümunəsi kimi deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən yeni geoiqtisadi xətt kimi də formalaşa bilər.
Bu baxımdan Bakı-Daşkənd münasibətlərində əsas mərhələ artıq siyasi sənədlərin imzalanması deyil, həmin sənədlərin iqtisadi və regional nəticələrinin ortaya çıxması olacaq.
Əzizə Zeynal
Sfera.az






