İrana qarşı sanksiyalar sərtləşdirilir: Azərbaycanı nə gözləyir?

İrana qarşı sanksiyalar sərtləşdirilir: Azərbaycanı nə gözləyir?
Kateqoriya məlum deyil
T

ABŞ-nin maliyyə naziri Skott Bessent avqustun 24-də Vaşinqtonun İrana qarşı növbəti tədbirlərinə həsr olunmuş mətbuat konfransı keçirməyi planlaşdırır. Mətbuat konfransında İrana qarşı istifadə ediləcək iqtisadi tədbirlərin açıqlanacağı gözlənilir.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp da bu haqda danışıb. Tramp, İrana hər hansı yardım göstərəcək istənilən ölkə üçün iqtisadi nəticələrin olacağı barədə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərov hesab edir ki, əsas təzyiq İranın iqtisadi imkanlarının məhdudlaşdırılması istiqamətində olacaq.

Onun sözlərinə görə, İrana ən böyük iqtisadi zərər ABŞ-nin İran limanlarını blokadaya alması ilə vurulur. İqtisadçı bildirdi ki, İranda artıq ciddi iqtisadi problemlər mövcuddur və bu problemlər getdikcə daha da dərinləşə bilər:

“İranın ən böyük ticarət tərəfdaşları Çin, Rusiya, Pakistan və Türkiyədir. Yəni onlara qarşı sanksiyaların qəbul olunması o qədər də inandırıcı gəlmir. Məsələn, Çinlə Amerikanın ticarət dövriyyəsi təxminən 650 milyard dollardır. Türkiyə isə Amerikanın ən yaxşı müttəfiqlərindən biri və NATO üzvüdür. Bu necə tənzimlənəcək?”.

İqtisadçı hesab edir ki, təzyiqlər iki istiqamətdə həyata keçirilə bilər:

“Birincisi, İran limanlarının blokadası sərtləşəcək. İkincisi isə Körfəz ölkələri, əsasən də Birləşmiş Ərəb Əmirlikləri İran ticarət dövriyyəsinin bank işlərini görürdü. İranın minlərlə fiziki və hüquqi şəxslərinin pulları Dubayda və Birləşmiş Ərəb Əmirliklərindədir. Onlar bloklanacaq və əməliyyatlara icazə verilməyəcək. Düşünürəm ki, bu, İran iqtisadiyyatının boğulması ilə, çox ciddi problemlərin daha da dərinləşməsi ilə nəticələnəcək”.

İqtisadçı Azərbaycanın bu prosesdən mümkün təsirlərini də dəyərləndirib. Onun fikrincə, Azərbaycanla İran arasında ticarət dövriyyəsi nisbətən aşağıdır və İran Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında deyil:

“Azərbaycanla İranın ticarət dövriyyəsi çox azdır. Azərbaycanla ticarət aparan ölkələr arasında İran ilk 15 ölkə siyahısına düşmür. Azərbaycanın İrana satdığı məhsulların həcmi də kifayət qədər azdır. Keçən il cəmi 60 milyon dollar olub. Biz İrandan əsasən kənd təsərrüfatı məhsulları alırıq. Bu məhsullar heç vaxt sanksiyalara tuş gəlmir. Bu gün hətta Rusiyaya qarşı sanksiyalar var, amma ərzağa aid deyil. Ona görə də Azərbaycana bunun hansısa bir ciddi birbaşa təsiri olacağını düşünmürəm”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR