Orta maaş minimum xərcləri ödəmir - Qiymətlər sürətlə artır?

Orta maaş minimum xərcləri ödəmir - Qiymətlər sürətlə artır?
Kateqoriya məlum deyil
T

Azərbaycanda orta əməkhaqqı son illərdə xeyli dərəcədə artsa da, hələ də ailələrin minimum xərclərini ödəyəcək səviyyəyə çatmayıb. Son məlumatlara əsasən, ölkəmizdə orta əməkhaqqı 1170 manatdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra xalis əməkhaqqı 950–1000 manat məbləğində qalır. Dörd nəfərlik ailənin minimum yaşayış xərcləri isə 1200 manata yüksəlib. Müqayisədən görünür ki, xalis orta əməkhaqqı hələ də bir orta ailənin minimum xərclərini tam ödəmir.

Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd etdi ki, əsas problem gəlirlərlə xərclərin strukturunun bir-birinə uyğun gəlməməsidir.

Onun sözlərinə görə, ailə büdcəsinin böyük hissəsi ərzaq, kommunal xidmətlər, nəqliyyat, dərman, təhsil və digər gündəlik ehtiyaclara sərf olunur.

A. Nəsirli bildirdi ki, xüsusilə mənzil kirayəsi və ya ipoteka ödənişi, uşaqların təhsil və digər xərcləri nəzərə alındıqda 950–1000 manatlıq xalis əməkhaqqı adi xərcləri ödəməyə kifayət etmir:

""Minimum yaşayış xərci" ilə "normal həyat səviyyəsi" də eyni anlayış deyil. 1200 manatlıq minimum xərc yalnız əsas ehtiyacların qarşılanması üçün nəzərdə tutulursa; istirahət, gözlənilməz xəstəlik xərcləri, geyim, məişət texnikası, təmir, yığım və digər ehtiyaclar əlavə edildikdə ailənin real aylıq tələbatı daha yüksək olur".

O deyib ki, gəlirlərlə xərclər arasındakı fərq mənzil və xidmətlər üzrə qiymətlərin gəlirlərə nisbətən daha sürətlə artması ilə də bağlıdır:

"Əməkhaqqının artması insanların alıcılıq qabiliyyətinin eyni nisbətdə yüksəlməsi demək deyil. İnflyasiya, xüsusilə ərzaq və xidmət qiymətlərinin yüksəlməsi maaş artımının bir hissəsini "yeyir"".

A. Nəsirli hesab edir ki, Azərbaycanda orta əməkhaqqı ilə normal yaşamağın çətinliyi yalnız maaşların aşağı olması ilə izah edilə bilməz:

"Burada orta göstəricinin əhalinin real gəlirlərini tam əks etdirməməsi, qiymətlərin yüksək olması və ailələrin əsas xərclərinin böyük hissəsinin məcburi və təxirəsalınmaz ödənişlərdən ibarət olması əsas amillərdir. Ailənin bütün gəliri cari xərclərə gedirsə və ayın sonunda yığım üçün vəsait qalmırsa, nominal maaşın artmasına baxmayaraq, onun maliyyə baxımından rahat yaşadığını demək çətinidir".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR