Bir marketdə ucuzun, digərində baha – Qiymət fərqi nədən qaynaqlanır?

Alıcıların ən çox narazılıq etdiyi məsələlərdən biri eyni marka və eyni çəkidə olan məhsulun müxtəlif marketlərdə fərqli qiymətlərlə satılmasıdır.
Bəzən qiymət fərqi cəmi bir neçə qəpik olsa da, bəzi hallarda eyni məhsul üçün alıcılar xeyli artıq ödəniş etməli olurlar.
Bəs bu fərq nədən qaynaqlanır? Marketlər istədikləri qiyməti müəyyən edə bilərlərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan strateji kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib ki, eyni məhsulun müxtəlif satış şəbəkələrində fərqli qiymətə təklif olunması bazar iqtisadiyyatının normal tərkib hissəsidir və buna təsir edən bir sıra amillər mövcuddur. Onun sözlərinə görə, ilk növbədə təchizat zənciri və logistika xərcləri qiymətin formalaşmasında mühüm rol oynayır:

"Məhsulun nəqliyyat, anbar və gömrük xərcləri fərqli olduqda, bu, son satış qiymətinə də təsir göstərir. Böyük market şəbəkələri məhsulu iri həcmdə aldıqları üçün daha sərfəli topdansatış qiyməti əldə edirlər. Kiçik marketlər isə məhsulu nisbətən baha aldıqlarından onu daha yüksək qiymətə satmağa məcbur qalırlar".
Ekspert bildirib ki, marketlərin fəaliyyət modeli də qiymət fərqini yaradan əsas səbəblərdəndir:
"Diskont mağazalar aşağı mənfəət marjası ilə işləyərək məhsulları daha ucuz satmağa üstünlük verir. Premium seqmentdə fəaliyyət göstərən marketlər isə daha yüksək xidmət və xərclərə görə qiymətlərə əlavə marja tətbiq edirlər. Bununla yanaşı, icarə və əməliyyat xərcləri, endirim kampaniyaları, son istifadə tarixi yaxınlaşan məhsullara tətbiq olunan güzəştlər, eləcə də regional qiymət siyasəti də satış qiymətlərinə təsir edir".
Səfər Aslanov qeyd edib ki, Azərbaycanda aksizli məhsullar və bəzi sosial əhəmiyyətli mallar istisna olmaqla, eyni məhsul üçün marketlər arasında tətbiq edilə biləcək maksimum qiymət fərqini müəyyən edən hüquqi norma yoxdur.
"Bu sahədə sərbəst bazar prinsipi tətbiq edilir. Yəni qiymətlər əsasən bazar mexanizmləri ilə formalaşır. Bununla belə, praktik baxımdan müəyyən çərçivələr mövcuddur. Təxminən 5-15 faiz qiymət fərqi bazarda normal hesab olunur və istehlakçılarda sual yaratmır. 15-30 faiz arası fərq artıq izah tələb edir. Əgər bu, marketin formatı və ya əlavə xidmətləri ilə əsaslandırılırsa, qəbul oluna bilər. Lakin 30 faizdən yuxarı qiymət fərqi istehlakçı etimadına mənfi təsir göstərə bilər və bu hallara daha çox rəqabətin zəif olduğu ərazilərdə rast gəlinir".
Firuzə Əliyeva






