SSRİ dağıldı, amma onlar qalır: Azərbaycanda hələ də işləyən sovet nümunələri

Sovet İttifaqının dağılmasından 35 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycanda SSRİ dövründə yaradılmış bir sıra iri sənaye və infrastruktur müəssisələri bu gün də ölkə iqtisadiyyatının mühüm dayaqlarından biri olaraq qalır.
Bəziləri tamamilə yenidən qurulub, bəziləri isə müasir texnologiyalarla təchiz edilərək fəaliyyətini davam etdirir. Bu müəssisələr təkcə istehsal gücü ilə deyil, həm də minlərlə insan üçün iş yeri yaratması və ölkənin strateji təhlükəsizliyində oynadığı rol ilə diqqət çəkir.
Mütəxəssislərin fikrincə, Azərbaycanın müasir sənaye bazasının böyük hissəsi məhz sovet dövründə formalaşıb. Xüsusilə neft-qaz, energetika, nəqliyyat və kimya sənayesi sahələrində yaradılmış infrastruktur bu gün də ölkə iqtisadiyyatının əsas sütunlarından sayılır.
Sfera.az bu barədə araşdırmasını təqdim edir:
Neft sənayesi – sovet irsinin ən böyük davamçısı
Azərbaycanın sovet dövründən qalan ən iri sənaye sistemi şübhəsiz ki, neft-qaz sektorudur. Sovet illərində fəaliyyət göstərən "Azneft" İstehsalat Birliyi müxtəlif struktur dəyişikliklərindən sonra hazırda SOCAR-ın əsas hasilat qurumlarından biri kimi fəaliyyət göstərir. Bu gün ölkədə hasil olunan neftin böyük hissəsi SOCAR və onun tərəfdaşları tərəfindən çıxarılır. "Azneft"in bir çox istehsalat idarələri hələ SSRİ dövründə yaradılıb. Məsələn, "Neft Daşları", "Abşeronneft", "28 May" NQÇİ kimi qurumlar onilliklərdir fəaliyyət göstərir. Neft Daşları - dənizdə qurulan şəhər 1949-cu ildə istismara verilən Neft Daşları dünyanın ilk dəniz neft platforması hesab olunur.
Bu unikal sənaye kompleksi təkcə Azərbaycan üçün deyil, dünya neft tarixində xüsusi yer tutur. Burada yüzlərlə estakada, yaşayış binaları, istehsalat sahələri və sosial obyektlər fəaliyyət göstərir. Müxtəlif məlumatlara görə, Neft Daşlarında növbəli əsasda bir neçə min əməkdaş çalışır. Yarandığı gündən burada yüz milyonlarla ton neft hasil olunub. Bu gün də Neft Daşları Azərbaycanın dəniz yataqlarından hasilatında mühüm rol oynayır və mütəmadi olaraq yenidənqurma işləri aparılır.
Bakı Metropoliteni - gündə yüz minlərlə sərnişin daşıyan sistem
1967-ci ildə istifadəyə verilən Bakı Metropoliteni sovet dövründən qalan ən mühüm infrastruktur layihələrindən biridir. İlk xətt cəmi beş stansiyadan ibarət olsa da, hazırda metro şəbəkəsində 27-dən çox stansiya fəaliyyət göstərir. Son illərdə yeni stansiyalar tikilsə də, sistemin əsas infrastrukturu sovet dövründə yaradılıb. Rəsmi statistikaya görə, Bakı Metropoliteni ildə 200 milyondan çox sərnişin daşıyır və paytaxtın ən vacib ictimai nəqliyyat sistemi hesab olunur.
Azərbaycan İES - ölkənin enerji dayağı
Azərbaycanın enerji sisteminin əsas sütunlarından biri Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasıdır. 1981-ci ildə istismara verilən stansiya uzun illər Cənubi Qafqazın ən iri istilik elektrik stansiyası hesab olunub. Quraşdırılmış gücü 2400 meqavatdan artıq olan stansiya ölkənin elektrik enerjisi istehsalında mühüm paya malikdir. Son illərdə burada genişmiqyaslı modernləşdirmə işləri aparılıb və stansiyanın enerji sistemindəki strateji əhəmiyyəti qorunub saxlanılıb. Sumqayıtın kimya nəhəngləri SSRİ dövründə Sumqayıt bütün ittifaqın ən böyük kimya mərkəzlərindən biri hesab olunurdu. Burada fəaliyyət göstərən onlarla zavod minlərlə insanı işlə təmin edirdi.
Bu müəssisələrin bir hissəsi fəaliyyətini dayandırsa da, bəziləri yenidən qurularaq fəaliyyətini davam etdirir. Xüsusilə "Azərikimya" İstehsalat Birliyi sovet dövründən qalan sənaye bazası üzərində fəaliyyət göstərir və hazırda SOCAR-ın tərkibindədir. Sumqayıtda yerləşən etilen-polietilen zavodunun əsası da SSRİ dövründə qoyulub. Müəssisə sonradan modernləşdirilərək ölkənin neft-kimya sənayesinin əsas istehsal sahələrindən birinə çevrilib. Dəmir yolu sistemi Azərbaycan Dəmir Yollarının əsas infrastrukturu da sovet dövründə formalaşdırılıb. Bakı-Yalama, Bakı-Böyük Kəsik və digər magistral xətlər SSRİ dövründə tikilib və bu gün də ölkənin yük və sərnişin daşımalarının əsas hissəsini təmin edir. Müstəqillik illərində xətlər yenilənsə də, sistemin bazası dəyişməyib. Son illərdə Bakı-Tbilisi-Qars layihəsinin reallaşması ilə bu infrastrukturun əhəmiyyəti daha da artıb.
Bakı Gəmiqayırma və gəmi təmiri ənənəsi
Sovet dövründə Xəzər Dəniz Gəmiçiliyinin bazasında formalaşan gəmi təmiri müəssisələri bu gün də fəaliyyət göstərir. Xəzər dənizində yükdaşımaların mühüm hissəsini həyata keçirən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) SSRİ-dən miras qalan ən böyük nəqliyyat strukturlarından biridir.
Hazırda ASCO-nun donanmasında onlarca tanker, bərə və yük gəmisi fəaliyyət göstərir.
Hansılar tarixə qovuşdu?
Sovet dövründə Azərbaycanın sənaye xəritəsində mühüm yer tutan bir sıra müəssisələr isə fəaliyyətini dayandırıb. Bunların sırasında Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Şin Zavodu, Sumqayıt Boru-Prokat Zavodu, bəzi maşınqayırma və cihazqayırma müəssisələri var. SSRİ bazarının dağılması, köhnə texnologiyalar və investisiya çatışmazlığı bu müəssisələrin əksəriyyətinin fəaliyyətini dayandırmasına səbəb olub. Vaxtilə ölkənin ən böyük neft emalı müəssisələrindən biri olan "Azərneftyağ" zavodu da sonrakı illərdə restrukturizasiya edilərək digər istehsal sahələri ilə birləşdirilib.
Firuzə Əliyeva
Sfera.az
