Son 10 ildə ən çox hansı sahədə maaşlar artıb? – Rəqəmlər

Son 10 ildə ən çox hansı sahədə maaşlar artıb? – Rəqəmlər
Kateqoriya məlum deyil
T

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların maaşları son 10 ildə (2016–2026-cı illər ərzində) orta hesabla 3,5 dəfə artıb. Bu artım əsasən həyata keçirilən geniş sosial islahat paketləri, minimum əməkhaqqının mütəmadi qaldırılması (2016-cı ildə 105 manatdan 2025–2026-cı illərdə 400 manata çatdırılması) və sahələr üzrə tətbiq edilən xüsusi islahatlar (sertifikasiya, icbari tibbi sığorta əlavələri və s.) hesabına baş verib.

Sfera.az xəbər verir ki, artımlar bütün sahələr üzrə eyni vaxtda və eyni faizlə həyata keçirilməyib. Bəzi peşələrdə maaşlar bir neçə mərhələdə artırılıb, bəzi sahələrdə isə konkret vəzifələr üzrə daha yüksək artımlar tətbiq olunub.

Ən çox işçinin çalışdığı təhsil sahəsində maaş artımları xüsusilə nəzərəçarpan olub. Müəllimlərin əməkhaqları 2018-ci ildən başlayaraq bir neçə mərhələdə yüksəldilib. 2019-cu ildə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşları orta hesabla 20 faiz artırılıb. 2022-ci ildə daha 20 faiz, 2023-cü ildə isə 10 faiz artım tətbiq olunub. Sonrakı mərhələdə sertifikatlaşdırmanın nəticələrinə əsasən müəllimlərin əməkhaqlarının artırılması mexanizmi də genişləndirilib.

Bu artımlar hesabına 2016-cı ildə müəllimlərin ölkə üzrə orta aylıq əməkhaqqı 300–400 manatdan 2026-cı ildə 1030 manata yüksəlib.

Səhiyyə sahəsində artımlar əsasən vəzifə maaşları, əlavələr və xüsusi ödənişlər vasitəsilə həyata keçirilib. Pandemiya dövründə COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinə vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr ödənilib. Sonrakı illərdə ayrı-ayrı tibb müəssisələrində çalışan həkim və digər tibb işçilərinin əməkhaqlarına yenidən baxılıb.

2016-cı ildə dövlət xəstəxanalarında çalışan həkimlərin Vahid Tarif Cədvəli üzrə rəsmi vəzifə maaşları dərəcədən asılı olaraq 116 manatla 750 manat arasında dəyişirdi və orta baza maaş olduqca aşağı idi. 2026-cı ildə TƏBİB sistemində tətbiq edilən ən son islahatlarla həkimlərin orta maaşı 2000-3600 manat səviyyəsinə yüksəldi.

Hərbi qulluqçuların maaşlarında da son illərdə bir neçə dəfə artım olub. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi strukturlarda xidmət edənlərin vəzifə maaşları müxtəlif qərarlarla artırılıb. 2023-cü ildə bir sıra hərbi qulluqçuların aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması qərara alınıb.

Azərbaycanda hərbi qulluqçuların orta aylıq maaşı və pul təminatı son 10 ildə (2016–2026-cı illər ərzində) həyata keçirilən ardıcıl islahatlar nəticəsində rütbə və xidmət sahəsindən asılı olaraq orta hesabla 3 dəfəyə yaxın (bəzi xüsusi təyinatlı bölmələrdə isə daha çox) artıb.

Polis və digər hüquq-mühafizə orqanlarında çalışanların, xüsusi rütbəsi olan əməkdaşların, eləcə də dövlət orqanlarında çalışan mülki işçilərin maaşları ayrı-ayrı qərarlarla artırılıb.

Son illərdə polis orqanlarında çalışanların maaşı orta hesabla 2 ilə 3 dəfə artırılıb. Hazırda polis əməkdaşlarının aylıq ümumi gəlirləri rütbə, staj və xidmət sahəsinə görə əsasən 1 000 – 2 000 manat arasında dəyişir.

Azərbaycanda dövlət qulluqçularının orta aylıq maaşı son 10 ildə (2016–2026-cı illər ərzində) təsnifat, rütbə və stajdan asılı olaraq orta hesabla 2,5 ilə 3,5 dəfə arasında artıb. Xüsusilə son 5 ildə aparılan ardıcıl islahatlar və 2026-cı ilin mart ayında imzalanan yeni fərmanla dövlət qulluğunda əməyin ödənilməsi sistemi tamamilə yenilənib. Əvvəllər maaşların dörddə birini təşkil edən və mürəkkəb hesablanan mükafat və əlavələr ləğv edilərək birbaşa baza vəzifə maaşına daxil edilib.

10 il əvvəl (2016–2017-ci illər) dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı təxminən 500–600 manat ətrafında dəyişirdi. Dövlət qulluğunda orta aylıq maaş hazırda 2000 manatdan çoxdur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR