İstehlak kreditləri sürətlə artır: Narahat olmalıyıqmı?

Azərbaycan banklarına istehlak kreditləri ilə bağlı yaranan borcun məbləği ilk dəfə olaraq 10 milyard manatlıq (10 milyard 36,8 milyon manat) psixoloji həddi keçib. Mərkəzi Bankın ən son rəsmi statistikasına əsasən, bu göstərici ümumi kredit portfelinin 31,3%-nə bərabərdir.
Sfera.az xəbər verir ki, istehlak kreditlərinin həcminin və xüsusi çəkisinin artması bəzən narahatlıqla qarşılanır.
İstehlak kreditlərinin daha çox idxalı dəstəklədiyini nəzərə alan ekspertlər bu cür kreditlərin həcminin artırılmasına ehtiyatla yanaşılmasını tövsiyə edirlər.
Bəs ölkəmizdə istehlak kreditlərinin payı digər ölkələrə nisbətən yüksəkdirmi?
Qeyd edək ki, 2024-cü ilin sonları ilə müqayisədə istehlak kreditlərinin cəmi kreditləşmədə payı 30 faizdən 31,3 faizə yüksəlib. İstehlak kreditləri təkcə son bir ildə təqribən 1 milyard manat və ya 11 faizdən çox artıb.
İqtisadi xüsusiyyətlərinə görə Azərbaycanla bənzərliyi olan Rusiyada istehlak kreditlərinin ümumi həcmi təxminən 150 milyard dollardır. Bu məbləğ cəmi kreditlərin 21 faizini təşkil edib.
Qazaxıstanda istehlak kreditlərinin payı 42 faizə yaxındır. Son məlumatlara görə, Qazaxıstanda istehlak kreditlərinin həcmi 35 milyard dollardır və davamlı artır.
Özbəkistanda istehlak məqsədilə ayrılan kreditlər ümumi kreditlərin 18 faizi qədərindədir.
İnkişaf etmiş Qərb ölkələrində (ABŞ və Avropa İttifaqı) isə istehlak kreditlərinin və ümumilikdə əhalinin borclanma strukturu MDB məkanından köklü surətdə fərqlənir. ABŞ-də istehlak kreditləri (kredit kartları, avtokreditlər, tələbə kreditləri və s.) 5 trilyon dollardır. Bu kreditlərin ümumi kreditlərdə payı isə 15 faizə yaxındır.
Avropada istehlak davranışları daha mühafizəkardır və dövlətlərin sosial təminat sistemləri güclü olduğundan insanlar nağd kreditlərinə ABŞ-dəki qədər asan müraciət etmirlər. İttifaq ölkələrində sırf nağd və kart istehlak kreditlərinin həcmi təxminən 1 trilyon dollardır. Avropada sırf istehlak kreditləri bankların cəmi kredit portfelinin cəmi 10% - 12%-ni təşkil edir.
Azərbaycanla inkişaf etmiş ölkələrin istehlak kreditinin strukturunu müqayisə etdikdə görürük ki, ölkəmizdə istehlak kreditləri əsasən nağd pul ehtiyacı və ya məişət texnikası almaq üçün əldə edilir.
Qərbdə isə istehlak kreditinin ən böyük hissəsini avtokreditlər və təhsil haqlarının ödənilməsi üçün tələbə kreditləri təşkil edir.
Müqayisədən göründüyü kimi, istehlak kreditlərinin xüsusi çəkisi Azərbaycanda daha yüksək həddə çatıb.
Ölkəmizdə istehlak kreditlərinin xüsusi çəkisi artmaqla yanaşı, onun yüksək faizlə və qısa müddətə verilməsi də narahatlıq doğurur.
İnkişaf etmiş ölkələrdə istehlak kreditlərinin faizləri (illik 3% - 7% arası) bizim bazarlarla müqayisədə dəfələrlə aşağı, müddətləri isə daha uzundur. Qərbdə borcun mütləq həcmi böyük olsa da, aylıq ödəniş yükünü insanlar üçün daha dözümlü edir.
Onu da bildirək ki, Azərbaycandan fərqli olaraq Qərb ölkələrində ev təsərrüfatlarının aldığı istehlak yönümlü kreditlərin daha çox hissəsini ipoteka kreditləri təşkil edir. Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi 14,8 milyard manat həcmindədir. Amma inkişaf etmiş ölkələrdə bankların əhaliyə verdiyi ipoteka və istehlak kreditlərinin həcmi və payı Azərbaycandan qat-qat böyükdür.
Lakin bu böyüklük insanların nağd pula ehtiyacından yox, həyat səviyyəsinin (əmlak, maşın, təhsil) tamamilə kreditləşmə üzərində qurulmasından qaynaqlanır.
Vasif






