Gələcək onilliklərin enerji mərkəzi: BP-nin Xəzər istehkamı ilə bağlı böyük planları

Yaxın Şərqdə alovlanan geosiyasi gərginliklər və qlobal qeyri-sabitlik fonunda dünyanın enerji xəritəsi yenidən formalaşır. Belə bir vaxtda böhranlardan nisbətən uzaq olan və təhlükəsiz liman rolunu oynayan Xəzər regionu yenidən diqqət mərkəzindədir. Britaniyanın enerji nəhəngi BP rəsmi Bakının rəhbərliyi ilə Xəzərdəki fəaliyyətini və investisiya portfelini genişləndirmək üçün irimiqyaslı planlarını dövriyyəyə buraxıb. Şirkət dərin qaz yataqlarının istismarını artırmaq və dünyanın ən böyük hasilat hövzələrindən birində neft axınının davamlılığını təmin etmək niyyətindədir. BP-nin qlobal strategiyasında Xəzərin çəkisi getdikcə daha da ağırlaşır.
Sfera.az xəbər verir ki, "Upstream" nəşrinə mühüm açıqlamalar verən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli regionun gələcək mənzərəsini belə təsvir edib:
“Məqsədimiz Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən bu regionu uzun illər ərzində qlobal enerji mərkəzi kimi inkişaf etdirməkdir. Yaxın Şərqdəki qeyri-sabitliklər nəzərə alındıqda, bu hədəfin əhəmiyyəti daha da artır”.
BP-nin Xəzər strategiyasının əsas dayaq nöqtəsi regionda illərdir formalaşdırılmış və sınaqdan çıxmış çoxşaxəli infrastruktur şəbəkəsidir. Hazırda Azərbaycan neftinin dünya bazarına çıxışı üçün iki mühüm arteriya mövcuddur:
"Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri: Sutkalıq 1,2 milyon barel ötürmə gücü ilə Azərbaycan neftini birbaşa Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalına çatdırır.
Bakı–Supsa kəməri: Nefti Gürcüstanın Qara dəniz sahilindəki terminalına nəql edən regional alternativ marşrutdur.
Mavi yanacaq (təbii qaz) isə Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilən Cənub Qaz Dəhlizi vasitəsilə Qərbə axır. Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan bu sistemin Avropa hissəsini Trans-Adriatik Boru Kəməri (TAP) təşkil edir".
C. Kristofolinin sözlərinə görə, artıq Avropa üçün əsas meyar təkcə qazın həcmi deyil, həm də təchizatçıların və nəql marşrutlarının müxtəlifliyidir:
"İtaliya kimi nəhənglər həm boru qazı, həm də LNG (sıxılmış qaz) balansında Xəzər resurslarına xüsusi pay ayırırlar.
Artıq böyük planların icrasına start verilib. BP-nin bu il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında dərin qaz ehtiyatlarının işlənməsinə hazırlaşması fonunda TAP-ın ötürmə imkanları genişləndirilib. Yunanıstandakı yeni kompressor stansiyası sayəsində kəmərin illik gücü yanvarın 1-dən etibarən 11,2 milyard kubmetrə yüksəldilib.
Lakin bu hələ son deyil. Avropa Komissiyasının da tam dəstəklədiyi uzaqperspektivli hədəfə əsasən, Azərbaycandan ixracın artırılması məqsədilə TAP-ın ilkin gücünün ikiqat artırılaraq 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması planlaşdırılıb.
BP-nin bölgədəki varlığını şərtləndirən digər mühüm faktor zəngin ehtiyatlardır. Şirkət həm AÇG-nin qalan neft potensialına, həm də "dərin qaz" qatları, peyk yataqları və daxili tələbata güvənərək gələcək hasilat axınlarını dəqiq proqnozlaşdıra bilir".
Regional Prezident Covanni Kristofoli Azərbaycandakı biznes mühitini yüksək qiymətləndirib:
"Mövcud pul axınlarını uzun illər qorumaq üçün aydın mənzərəmiz var. Azərbaycandakı peyk qaz yataqlarını da nəzərdən keçiririk. Bura həqiqətən də imkanlarla dolu bir ölkədir. Rəsmi qurumlar investisiya cəlb etmək üçün özəl sektorla yaxından əməkdaşlıq edir, burada əlverişli hüquqi-inzibati mühit var".
Şirkət rəsmisi onu da qeyd edib ki, BP illər ərzində Azərbaycanda güclü yerli kadr bazası yetişdirib və artıq azərbaycanlı mütəxəssislər BP-nin qlobal strukturunda yüksək rəhbər vəzifələrə gətirilməyə başlayıb:
"Bu isə transmilli şirkət üçün etibarlı dayaq deməkdir. Azərbaycanın neft-qaz sənayesinin əsas yükünü hazırda BP-nin operatoru olduğu AÇG və "Şahdəniz" layihələri, həmçinin "TotalEnergies"in idarə etdiyi "Abşeron" qaz layihəsi çəkir. Müqavilələrin tarixi 90-cı illərə getsə də, dinamika gələcəyə hesablanıb. Belə ki, "TotalEnergies" təxminən 2029-cu ildə "Abşeron" yatağını növbəti hasilat mərhələsinə keçirdikdən sonra bu yataq da Avropanın qaz təchizatçıları cərgəsinə qoşulacaq".
Məsələnin siyasi tərəfinə gəldikdə isə, Qərb mətbuatında vaxtaşırı reallaşan insan haqları ilə bağlı tənqidi və narahat hesabatlara rəğmən, rəsmi Brüssel Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verir. Avropa İttifaqı Bakıdan karbohidrogen idxalını artırmağa tam hazır olduğunu dəfələrlə bəyan edib. Bakıya səfər edən Aİ-nin energetika komissarı Dan Yorqensenin dediyi kimi: "Azərbaycan qazı ittifaqın enerji təhlükəsizliyinin əsas onurğa sütunu olmaqda davam edəcək".
Qlobal diqqət hər geosiyasi böhranla başqa tərəfə yönəlsə də, Xəzər regionu BP-nin hasilat portfelinin uzunmüddətli təməl daşı kimi mövqeyini möhkəmləndirməkdədir.
Bəsti Rəfizadə
Sfera.az
