Böyük fondlar qızıl alışını yenidən artırır

Dünyanın ən böyük aktiv idarəetmə şirkətləri, qlobal bazarlarda qiymətlərin bir qədər düşməsindən fürsət kimi istifadə edərək qızıl alışlarını yenidən kəskin şəkildə artırmağa başlayıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, portfelində 3 trilyon dollardan çox aktiv saxlayan Avropanın ən nəhəng aktiv idarəetmə şirkəti "Amundi SA", qızılın gələcək perspektivləri ilə bağlı olduqca iddialı bir proqnoz irəli sürüb.
Şirkətin analitikləri geosiyasi gərginliklər və qlobal inflyasiya fonunda qızılın unsiyasının ilin sonuna qədər 5000 dollara qayıda biləcəyini iddia edərək qiymətli metal alışlarını sürətləndiriblər.
Qlobal investisiya fondlarının hesabatlarına əsasən, təkcə son bir ay ərzində qlobal qızıl birja fondlarına (ETF) 3 milyard dollar xalis vəsait daxil olub. Bu güclü kapital axını ilə birlikdə fondların qızıl üzrə ümumi idarəetmə aktivlərinin həcmi rekord həddə — 530 milyard dollara çatıb.
Eyni zamanda, dünya üzrə qızıl ETF-lərinin ümumi ehtiyatları 4068 tona yüksələrək son illərin ən yüksək nöqtələrindən birinə bərpa olunub. Bu tendensiyaya qoşulan digər nəhəng maliyyə qurumları olan "Pictet Asset Management", "Robeco Institutional Asset Management" və trilyon dollarlıq aktivləri idarə edən "Fidelity International"ın fond menecerləri də bir müddət əvvəl mənfəət götürmək məqsədilə azaltdıqları qızıl ehtiyatlarını yenidən aktiv şəkildə doldururlar. Portfelində milyardlarla dollar olan "BNP Paribas Asset Management" və "Manulife John Hancock Investments" kimi digər nəhəng qurumlar da son həftələrdə öz qızıl portfellərinə ya əlavə vəsait yatırıb, ya da mövcud yüksək paylarını dəyişməz saxlayıblar.
İnvestisiya dairələrində qızıla marağın yenidən oyanması təkcə qiymət düşüşü ilə bağlı deyil. Analitiklər qeyd edirlər ki, qlobal borc böhranı, mərkəzi bankların faiz dərəcələrini aşağı salma ehtimalları və beynəlxalq ticarətdəki qeyri-müəyyənliklər fonunda qızıl özünün "təhlükəsiz liman" statusunu daha da möhkəmləndirir. Milyard dollarlıq portfelləri idarə edən menecerlər qızılı kağız pulların dəyərsizləşməsinə qarşı ən etibarlı sığorta aləti kimi görürlər.
Vasif






