İranla sərhədlərin bağlanması - Qiymətlərə təsiri olacaqmı?

İranla sərhədlərin bağlanması - Qiymətlərə təsiri olacaqmı?
Kateqoriya məlum deyil
T

İran regionda baş verən müharibə səbəbilə bir neçə gün əvvəl ərzaq məhsullarının ixracına məhdudiyyət tətbiq edib. Dünən isə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə İranla yük daşımalarına və ticarətə qadağa qoyuldu. 


Qeyd edək ki, Azərbaycanla İran arasında ticarət əlaqələrinin böyük hissəsini qida və tikinti məhsulları təşkil edir. Azərbaycan İrandan daha çox qida məhsulları alır. 
Tətbiq olunan məhdudiyyətlərin Azərbaycan bazarına necə təsir edəcəyi sual doğurur.


Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, İranın ərzaq ixracına məhdudiyyət tətbiq etməsi və eyni zamanda iki ölkə arasında yük daşımalarına qadağa qoyulması bazara müəyyən təsir göstərəcək:

 


“Əsasən İrandan gətirilən bəzi meyvə-tərəvəz, tərəvəz konservləri və digər gündəlik qida məhsullarının tədarükü azalarsa, həmin məhsullar üzrə qiymətlərin müvəqqəti artması mümkündür. Xüsusilə mövsümi məhsullar və tez xarab olan ərzaqlar üzrə bazarda müəyyən gərginlik yarana bilər. Bununla belə, Azərbaycan ərzaq təminatında tam şəkildə yalnız bir ölkədən asılı deyil. Bir çox məhsullar yerli istehsal hesabına təmin edilir; çatışmazlıq yaranan hallarda isə Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən idxal imkanları mövcuddur. Bu səbəbdən məhdudiyyətlərin uzun müddət davam etməməsi halında bazarda ciddi və uzunmüddətli qıtlıq ehtimalı yüksək sayılmır. Ümumilikdə, belə qərarlar daha çox qısamüddətli qiymət dalğalanması yarada bilər. Lakin idxalın alternativ ölkələrə yönləndirilməsi və yerli istehsalın payının artması nəticəsində bazar müəyyən müddətdən sonra balanslaşa bilər”.


Məsələ ilə bağlı iqtisadçı Elman Sadıqov da fikirlərini bölüşüb. Ekspertin sözlərinə görə, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2025-ci ildə 644 milyon dollar olub. Ekspert deyib ki, bunun 624 milyon dolları idxalın, 20 milyon dolları isə ixracın payına düşüb:


“İranla sərhədin bağlanması və yaxud tranzit yük maşınlarına, ümumiyyətlə yüklərin daşınmasına və ticarətə qadağanın tətbiq edilməsi bizdə ixracla bağlı hər hansı ciddi problem formalaşdırmır. Çünki cəmi 20 milyon dollarlıq bir ixracımız var. Bu, ölkə iqtisadiyyatına ciddi təsir edən bir rəqəm deyil. 624 milyon dollarlıq idxalımız var. Bunun da demək olar ki, yarısına yaxını tikinti materialları, sement və yaxud sement istehsalı üçün xammaldır. Bu sahədə müəyyən qiymət məsələləri və ya müəyyən çatışmazlıqlar ola bilər, amma bunu Rusiya və digər ölkələrlə kompensasiya etmək olar”.

 


Mütəxəssis həmin 624 milyon dolların təxminən 300 milyona yaxınının ərzaq məhsullarının payına düşdüyünü vurğulayıb:


“Bu ərzaq məhsulları əsasən xurma, quru üzüm (kişmiş), digər quru meyvələr, çərəzlər və ədviyyatlardır. Bunların Azərbaycana gəlməməsi ölkədə ciddi ajiotaj və ya problem yaratmayacaq. Çünki bu məhsulları, birincisi, biz Özbəkistan və digər ölkələrdən də idxal edə bilərik. İkinci məsələ isə odur ki, idxal edə bilməsək belə, bu məhsullar çox zəruri istehlak malları deyil ki, onların olmaması böyük bir problem yaratsın. Qısa müddət ərzində digər ölkələrdən, xüsusilə də müsəlman ölkələrindən, o cümlədən Özbəkistandan bu məhsulları kompensasiya etmək mümkündür. Burada əsas məsələ kartofla bağlı qalır. Kartofla bağlı ölkədə müəyyən ehtiyatlar var. Ədviyyat və digər məhsullarla bağlı da ticarətçilər tərəfindən ehtiyatlar gətirilib. Yəni sərhədlərin bağlanması bu məhsulların bazardan tamamilə yoxa çıxması demək deyil. Bəli, müəyyən qiymət artımları olacaq, bu təbiidir.
Kartofla bağlı məsələ isə bundan ibarətdir ki, biz digər ölkələrdən, məsələn, Pakistandan idxalı artıra bilərik. Onsuz da Pakistandan kartof gətiririk və sadəcə həcmi artırmaq mümkündür. Ola bilər ki, müəyyən dərəcədə qiymət artımı olsun, amma nəzərə alsaq ki, hazırda mart-aprel aylarıdır və ortada iki ay qalıb, may ayından etibarən ölkəmizdə yerli istehsal bazara çıxacaq. Yəni kartofun torpaqdan çıxarılması və bazarlara təqdim olunması dövrü başlayacaq. Ona görə düşünürəm ki, burada da çox ciddi təsir olmayacaq. Qiymət artımları olsa da, bunlar zəruri istehlak məhsullarının ən kritik kateqoriyasına aid deyil. Məsələn, bu, ət və ya kərə yağı kimi məhsullar deyil. İrandan gələn kərə yağı da əsasən tranzit yolu ilə daşınırdı və biz kərə yağında İrandan ciddi şəkildə asılı vəziyyətdə deyilik. Biz kərə yağını digər ölkələrdən də idxal edirik. Eyni zamanda bunlar buğda, arpa və ya digər strateji məhsullar deyil. Bitki yağları da deyil. Yəni bu məhsulları digər ölkələrdən almaq mümkündür”.


E.Sadıqov məhz bu səbəblərə görə İrandan sərhədin bağlanmasının Azərbaycanda bəzi məhsullar üzrə, xüsusilə də ərzaq və tikinti materialları üzrə müəyyən qiymət artımlarına səbəb ola biləcəyini bildirib:


“Bu təbii haldır. Amma bu vəziyyətin iqtisadiyyata ciddi zərər vuracaq, istehsala və emala böyük təsir göstərəcək və ya əhali arasında ciddi problemlər yaradacaq bir amilə çevrilməsi gözlənilmir. Ümumilikdə ərzaq bazarında kəskin qiymət artımları da gözlənilmir. Qeyd etdiyim məhsullar üzrə müəyyən artımlar ola bilər. Bu məhsullar üzrə də müəyyən müddət üçün ehtiyatlar var və qiymət artımları ciddi problemlər yaratmayacaq. Bundan əlavə, onların idxalını digər ölkələrlə əvəzləmək mümkündür. Yalnız zəfəran məsələsi müəyyən qədər fərqlidir. Zəfəran üzrə müəyyən çatışmazlıq yarana bilər. Amma açığı, zəfəransız da keçinmək mümkündür. Yəni zəfəran elə bir məhsul deyil ki, onun olmaması ölkə daxilində ciddi stres yaratsın”.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ