“2026-cı ilin büdcə layihəsində qeyri-neft-qaz gəlirlərinin payı 57% nəzərdə tutulub"

2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 mlrd. ABŞ dolları olaraq, ixrac olunan əmtəə sayı 15% artaraq 2810-a çatıb.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir bildirib ki, neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 mlrd. ABŞ dolları səviyyəsində sabitləşib:
"2022-2024-cü illərdə xarici ticarət balansında isə ARDNF-in qızıl idxalı istisna olmaqla orta illik hesabla 16 mlrd. ABŞ dolları məbləğində müsbət saldo olub. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45%-dək artaraq 6,5 mlrd. ABŞ dollarını ötüb".
M.Cabbarov qeyd edib ki, 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb:
"Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlib. 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57% nəzərdə tutulub".
Firuzə Əliyeva
Sfera.az






