Güzəşt və azadolmaların məbləği artacaq - Son RƏQƏMLƏR
2027-ci ildə cəmi güzəşt və azadolmaların məbləği 7.6 mlrd. manata və ya proqnozlaşdırılan ÜDM-in 5.4 faizinə çatması gözlənilir.
Sfera.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Asif Qasımov qeyd edib ki, 2026-cı ilin sonuna gözlənilən azadolmaların məbləği ilə müqayisədə bu 630 milyon manat və ya 0.4 faiz bəndi çoxdur: “Müqayisə üçün Gürcüstanda güzəştlər ÜDM-in 4.6%-i, Türkiyədə 4.5%-i, OECD ölkələrində 4.7%-i həcmindədir. Büdcə gəlirlərini təmin edən orqanlar üzrə dekompozisiya apardıqda, vergi daxilolmaları üzrə 4.2 mlrd. manat və ya cari illə müqayisədə 9% çox, idxal əməliyyatları üzrə 3.4 mlrd. manat və ya cari illə müqayisədə 11% çox güzəşt və azadolma vardır. İqtisadi sektorlar üzrə bölgüyə gəldikdə, neft sektoru üzrə 436.0 mln. manat, qeyri-neft sektoru üzrə 7.1 mlrd.manat təşkil edir. Hər 2 komponentdə cari illə müqayisədə 9% artım gözlənilir. Nəhayət 7.6 mlrd. manatın 4.4 mlrd. manatı “güzəşt”, 3.2 mlrd. manatı “azadolma” meyarına uyğun gəlir”./APA






