5 milyondan çox insan işləyir, yalnız 1,7 milyonu rəsmidir – Səbəb nədir?
2027-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulunda (ÜDM) qeyri neft-qaz sektorunun payının təxminən 77,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Amma dövlət büdcəsinin gəlirlərində qeyri enft-qaz sektorunun payı 60-61 faiz olacağı güman edilir.
ÜDM-də böyük payı olan qeyri neft-qaz sektoru büdcə gəlirlərində niyə eyni payı təmin edə bilmir? Belə böyük fərq nə ilə bağlıdır?
Bununla bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, ÜDM ölkədə istehsal olunan bütün mal və xidmətlərin ümumi dəyərini, büdcə gəlirləri isə dövlətin həmin iqtisadi fəaliyyətdən vergi, rüsum və digər ödənişlər şəklində topladığı vəsaiti göstərir:

“Bu səbəbdən ÜDM ilə büdcə gəlirləri arasında müəyyən fərqlərin olması başa düşüləndir. Amma, hazırkı nisbət çox böyükdür. 2027-ci ildə Azərbaycanda ÜDM-nin təxminən 140 milyard manat olacağı proqnozlaşdırılır. Bunun təxminən 77%-i, yəni 108 milyard manata yaxın hissəsi qeyri-neft-qaz sektorunun, təxminən 23%-i, yəni 32 milyard manatı isə neft-qaz sektorunun payına düşəcək. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, qeyri-neft sektorunda yaranan 108 milyard manatlıq əlavə dəyərin təxminən 22%-i büdcə gəlirlərinə çevriləcək. Neft-qaz sektorunda isə 32 milyard manatlıq iqtisadi dəyərə qarşılıq büdcəyə 15,5 milyard manat daxilolma gözlənilir. Göründüyü kimi, qeyri-neft sektorunda yaranan dəyərinin təxminən beşdə biri büdcə gəlirinə çevrildiyi halda, neft-qaz sektorunda ümumi dəyərin təxminən yarısı büdcə gəlirinə çevrilir. Nəticə etibarı ilə bu çox kəskin fərq deməkdir”.
İqtisadçının fikrincə, bu cür kəskin fərqin olmasında əsas səbəb neft gəlirlərinin formalaşma mexanizminin qeyri-neft sektorundan fərqli olmasıdır:
“Bildiyimiz kimi, neft-qaz sektorundan büdcəyə daxil olan vəsaitlər yalnız vergilərdən ibarət deyil. Buraya Dövlət Neft Fondundan transfertlər, neft şirkətlərinin mənfəət vergisi, SOCAR-ın və digər iştirakçıların ödənişləri daxildir. Yəni dövlət neft-qaz sektorundan həm vergi, həm də təbii sərvətlərin istismarından əldə olunan gəlirlər hesabına vəsait alır. Məsələn, 2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə təxminən 12 milyard manata yaxın transfert nəzərdə tutulur. Bu, büdcə gəlirlərinin 30 faizindən çoxunu təşkil edir. Nəticədə, neft gəlirlərinin mühüm hissəsi dövlətin sahib olduğu təbii resurslar hesabına formalaşır. Qeyri-neft sektorunda isə vəziyyət fərqlidir. Burada büdcə gəlirləri əsasən minlərlə müəssisənin, sahibkarın və milyonlarla vətəndaşın iqtisadi fəaliyyətindən toplanan vergilər hesabına yaranır. Bu fəaliyyətin hamısını eyni səviyyədə izləmək və vergiyə cəlb etmək mümkün olmur. İkinci mühüm səbəb isə qeyri-neft sektorunda iqtisadi fəaliyyətin müəyyən hissəsinin qeyri-formal olmasıdır.
ÜDM hesablanarkən iqtisadiyyatda faktiki olaraq istehsal olunan mal və xidmətlər nəzərə alınır. Yəni iqtisadi fəaliyyətin rəsmiləşdirilib-rəsmiləşdirilməməsi onun ÜDM-ə daxil edilməsinə mane olmur. Məsələn, bir fermer yetişdirdiyi məhsulun bir hissəsini bazarda satır, taksi sürücüsü qeydiyyatsız sərnişin daşıyır, usta evlərdə təmir işi görərək nağd pul alır, yaxud mənzil sahibi kirayə gəlirini bəyan etmir. Bütün bunlar real iqtisadi fəaliyyətdir və ölkədə yaradılan əlavə dəyərin bir hissəsi kimi ÜDM-də əks oluna bilər. Statistika orqanları belə fəaliyyətləri qiymətləndirmək üçün sorğulardan, ev təsərrüfatlarının gəlir və xərcləri barədə məlumatlardan və müxtəlif hesablama metodlarından istifadə edirlər. Vergi sistemi isə başqa mexanizmlə işləyir. Dövlətin həmin fəaliyyətdən vergi toplaması üçün əməliyyatın müəyyən formada qeydə alınması, gəlirin bəyan edilməsi və ya ödənişin izlənilməsi lazımdır. Əgər şəxs qeydiyyatsız işləyirsə, gəlirini bəyan etmirsə və əməliyyatları yalnız nağd pulla aparırsa, dövlətin həmin gəliri müəyyənləşdirərək vergiyə cəlb etməsi çətinləşir. Bu baxımdan qeyri-formal iqtisadi fəaliyyət ÜDM-də nəzərə alındığı halda, büdcə gəlirləri üçün əsas mənbə olan vergi yığımları zamanı qeyri-formal iqtisadi fəaliyyət nəzərə alınmır. Bu vəziyyətin izahı üçün ən yaxşı nümunə məşğul əhalinin sayı ilə rəsmi muzdlu işçilərin sayı arasındakı fərqdir”.
A.Cəfərov statistik məlumatları da təqdim edib:
“Azərbaycanda məşğul əhalinin, yəni işləyən şəxslərin sayı 5 milyon nəfərdən çoxdur. Yəni ölkədə 5 milyondan artıq insan bu və ya digər formada iqtisadi fəaliyyətlə məşğuldur. Amma muzdla çalışan işçilərin sayı 1 milyon 777 min nəfər təşkil edib. Rəsmi muzdlu işçinin əməkhaqqından gəlir vergisi və sosial sığorta ödənişləri müəyyən edilmiş qaydada tutulur. İşəgötürən bu məbləğləri dövlət büdcəsinə köçürür. Beləliklə, həmin gəlirlərin vergiyə cəlb olunması üçün avtomatik mexanizm mövcuddur. Qeydiyyatsız və ya əmək müqaviləsi olmadan çalışan şəxslərin gəlirlərində isə belə bir mexanizm yoxdur. Halbuki qeyri-neft sektorunda yaradılan əlavə dəyərin əsas hissəsi özəl sektorun payına düşür. Buna baxmayaraq, özəl sektorda çalışanların böyük bir hissəsi rəsmi muzdlu işçi kimi görünmür. Ona görə də bu fərqi azaltmaq üçün sadəcə vergi dərəcələrini artırmaq düzgün yanaşma deyil. Əsas məsələ vergi bazasını genişləndirmək, iqtisadi fəaliyyətin daha böyük hissəsini rəsmiləşdirmək və özəl sektorda rəsmi məşğulluğu artırmaq lazımdır. Yəni əsas hədəf mövcud sahibkarların və vətəndaşların üzərinə daha çox vergi yükü qoymaq olmamalıdır. Hesab edirəm ki,əsas hədəf iqtisadiyyatda yaradılan dəyərin daha böyük hissəsini şəffaf və rəsmi iqtisadi dövriyyəyə cəlb etmək olmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az






