ABŞ-də seçkilər neft bazarını silkələdi: Hansı risklər olacaq?
ABŞ-də keçirilən aralıq seçkilərdən sonra dünya bazarında neft qiymətlərinin sürətlə aşağı düşməsi diqqət çəkdi. Oktyabrın 30-da təxminən 117 dollar olan “Brent” markalı neftin bir barelinin qiyməti noyabrın 4-də 94-95 dollaradək geriləyib. Bir neçə gün ərzində qeydə alınan təxminən 20 dollarlıq ucuzlaşma qlobal enerji bazarında ciddi dəyişikliklərə səbəb olub.
Qiymətlərin enməsində ABŞ-də seçkilərin nəticələri, Vaşinqtonun İrana münasibətdə gələcək siyasəti və Yaxın Şərqdə hərbi gərginliyin azalacağına dair gözləntilər əsas amillər kimi göstərilir. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin azalması və neft tədarükünün bərpası ehtimalı bazarda təklifin artacağı gözləntisini gücləndirir.
Bəs neftin bir neçə gün ərzində bu qədər ucuzlaşması real iqtisadi və geosiyasi dəyişikliklərin nəticəsidir, yoxsa bazarda spekulyativ gözləntilər də mühüm rol oynayır?
Bununla bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib və bildirib ki, neft qiymətlərinin ucuzlaşmasının arxasında real iqtisadi və geosiyasi gözləntilər dayanır.

Onun sözlərinə görə, ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri Donald Tramp administrasiyasının İranla bağlı hərbi siyasətini davam etdirmək imkanlarının məhdudlaşacağı ehtimalını artırıb:
“Demokratların Konqresin hər iki palatasında üstünlük əldə etməsi ABŞ və İran arasında müharibənin dayandırılması, diplomatik razılaşmanın əldə olunması ehtimallarını gücləndirib. Bazar iştirakçıları da bu gözləntiləri neft qiymətlərinə daxil etməyə başlayıblar.
Qiymət azalmasına təsir edən digər mühüm amil Hörmüz boğazı ətrafında risklərin zəifləməsidir. Münaqişənin səngiməsi və bölgədən neft ixracının bərpası dünya bazarında təklifin artmasına, nəticədə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”.
O qeyd edib ki, neft bazarında spekulyativ amillər də mühüm rol oynayır. İqtisadçı dedi ki, treyderlər yalnız mövcud hasilat və istehlakı deyil, gələcək siyasi hadisələri, müharibə risklərini və diplomatik danışıqların nəticələrini də nəzərə alırlar:
“Buna görə də hələ reallaşmamış hadisələr belə qiymətlərdə kəskin dəyişiklik yarada bilir. İran və ABŞ arasında müharibənin başa çatması ilə bağlı hələlik qəti razılaşma yoxdur. Danışıqların nəticəsiz qalması və hərbi gərginliyin yenidən artması neft qiymətlərində əks istiqamətli sıçrayışa səbəb ola bilər”.
Azərbaycanın da bu prosesdən təsirlənəcəyini vurğulayan A.İbrahimov bildirib ki, neftin ucuzlaşması dövlət büdcəsinin gəlirlərinə, valyuta daxilolmalarına və ümumi iqtisadi gözləntilərə təsir göstərir. Onun fikrincə, buna görə də ölkə iqtisadiyyatının gələcəyini yalnız yüksək neft qiymətləri üzərində qurmaq düzgün deyil.
İradə Elsevər






