Gələn il büdcə gəlirləri artacaq

Prezident İlham Əliyevin siyasəti ölkəmizin makro iqtisadi sabitliyini qorumağa imkan verib.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib. Spiker qeyd edib ki, Cənubi Qafqazın lider ölkəsi kimi iqtisadiyyatımız möhkəmləndirilib:
"Yaşıl iqtisadiyyata qoyulan sərmayə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirildiyini göstərir. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər də xüsusi qeyd olunmalıdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan büdcə gəlirlərinin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib. 2026-cı ilin büdcəsi ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdışın həyata keçirilməsi kimi hədəflərlə bağlı olacaq".
S.Qafarova nəzərə çatdırıb ki, gələn ilin büdcəsində gəlirlər 38.6 milyard, xərclər isə 45.7 milyard manat məbləğində proqnozlaşdırılıb:
"Bu məbləğin 54 faizi qeyri-neft və qeyri-qaz gəlirlərindən formalaşacaq. Bu da ötən ilə nisbətən 11 faiz çoxdur".
Firuzə Əliyeva
Sfera.az






