AZAL-ın yeni qadağası narazılıq yaratdı – Bu qurğudan istifadə etmək olmaz

Azərbaycan Hava Yollarının (AZAL) 20 noyabrdan etibarən portativ şarj cihazlarının (“powerbank”) təyyarə salonunda istifadəsini qadağan etməsi sərnişinlərdə arasında narazılığa səbəb olub. Aviaşirkət bu addımı təhlükəsizliklə əlaqələndirsə də, sərnişinlər və ekspertlər qərarın həddən artıq sərt və hüquqi baxımdan mübahisəli olduğunu bildirirlər.
Sfera.az xəbər verir ki, yeni qaydalara əsasən, uçuş zamanı “powerbank”dan istifadə qadağandır, cihazları təyyarənin elektrik şəbəkəsinə qoşmaq olmaz və yalnız nominal tutumu 100 vat/saatadək olan bir ədəd şarj cihazının daşınmasına icazə verilir. Cihazlar sərnişinin yanında saxlanmalı, baqaj rəfinə qoyulmamalıdır.
Beynəlxalq ICAO və IATA standartlarında isə litium-ion batareyaların yaratdığı risklərlə bağlı müəyyən məhdudiyyətlər olsa da, “powerbank”dan istifadəni tam qadağan etmək məcburi norma deyil. Dünyanın aparıcı aviaşirkətlərinin əksəriyyəti bu cür ümumi qadağa tətbiq etmir. Buna görə də AZAL-ın bu addımı sərnişinlərin enerji təminatı və rabitə imkanlarını məhdudlaşdırdığı üçün hüquqi baxımdan suallar yaradır.
Mövcud qanunvericiliyə görə, sərnişinin şəxsi əşyalarını təhlükəsiz şəkildə istifadə etmək, uçuş müddətində əlaqə imkanlarını qorumaq, öz əmlakını əsassız məhdudiyyət olmadan daşımaq hüququ var.
AZAL-ın qadağası isə bu hüquqlarla ziddiyyət təşkil edir. Çünki təyyarələrin əksəriyyətində işlək USB portları yoxdur, sərnişin isə bileti, keçid kartını, rabitəni və təcili əlaqəni telefon vasitəsilə təmin edir. Enerji mənbəyinin istifadəsinin qadağan edilməsi sərnişinin təhlükəsizliyini artırmaq əvəzinə, əksinə, rabitə imkanlarını məhdudlaşdırır.
Bu da AZAL-ın qərarının hüquqi əsasının zəif olduğunu göstərir. Şirkət sərnişinin istifadə hüququnu məhdudlaşdırmaq istəyirsə, bunun zəruriliyini sübut etməlidir. Lakin AZAL tərəfindən belə sübut və ya əsaslandırılmış texniki sənəd təqdim edilməyib.
Sosial şəbəkələrdə də narazılıq artır. Sərnişinlər sosial şəbəkələrdə AZAL-ı “əsassız qadağa tətbiq etməkdə”, “sərnişinin rahatlığını nəzərə almamaqda” və “xidmət səviyyəsini aşağı salmaqda” ittiham edirlər. Onsuz da illərdir bahalı biletlər, qaytarma çətinlikləri və zəif xidmət səbəbilə çoxsaylı narazılıqlar fonunda bu qərar insanların AZAL-a davranışlarına qarşı səbrini tükədib. Xüsusilə uzun uçuşlarda şəxsi “powerbank”dan istifadəyə qoyulan məhdudiyyətlərin sərnişin rahatlığını pozması xüsuslə vurğulanır.
Hava nəqliyyatından istifadə edən şəxslər hesab edir ki, AZAL-ın “powerbank” qadağası hüquqi cəhətdən suallar doğurur və bu, sərnişin hüquqlarının pozulmasıdır.
Hazırda isə aydın olan bir məqam var: AZAL-ın bu addımı həm sərnişinlərin, həm də mütəxəssislərin narazılığını daha da artırıb və aviaşirkətin artıq kifayət qədər zəifləyən reputasiyasına əlavə zərbə vurub.
Altay






