Pambıq bizdən, geyim başqasından – Niyə belədir?

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 55,96 min ton pambıq mahlıcı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz çoxdur.
Pambıq istehsalının artması ilə Azərbaycanın ixracında da artım baş verir. Amma ölkəmizdən xaricə yalnız xammal satılır, geyim və tekstil sənayesi məhsullarının ixracında isə ciddi artım yoxdur.
İqtisadçı ekspert Əkrəm Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, pambıq xammalından öncə mahlıc, daha sonra isə iplik və geyim, tekstil sənayesi üçün digər mühüm məhsullar alınır.
Ekspert söylədi ki, Azərbaycanda mahlıc, iplik, hətta patça istehsal edilsə də xarici bazarların tələblərini ödəyəcək səviyyədə geyim məhsulları istehsalı yoxdur.
Onun sözlərinə görə, bunun əsas səbəbi yerli istehsalçıların markalarının tanınmamasıdır.

O qeyd etdi ki, Azərbaycan Türkiyə kimi güclü geyim və tekstil sənayesi olan ölkəyə yaxın olduğundan yerli istehsalçıların xarici bazarda rəqabət aparmaq imkanları da məhduddur.
“Türk tekstili dünyada tanınır və istehsal da böyük olduğundan məhsulları da ucuz başa gəlir. Biz istehsala başlasaq, bunun üçün ilk növbədə pul olmalıdır və həmin pulu çıxarmaq üçün malın da qiyməti yüksək olmalıdır. Belə olanda da, Azərbaycan istehlakçısı türk məhsulunu qoyub, bizim məhsulu almayacaq. Bunun özü də problemdir. Nəzərə almaq lazımdır ki, bizdə həcm də çox olmayacaq. Türkiyə isə bu sahədə ixtisaslaşıb”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd etdi ki, bu, Azərbaycanda uzun müddətdir müzakirə olunur.

Onun sözlərinə görə, ixracda xammalın üstünlük təşkil etməsi istehsal zəncirinin qurulmaması ilə bağlıdır:
"Pambığımız var, satırıq. Pambığımızı daha çox Türkiyə alır və həmin pambıqdan iplik, parça, geyim hazırlanır. Daha sonra isə ölkəmiz həmin məhsulları idxal edir. Ona görə də, əlavə dəyər yaradan zəncir qurulmalıdır. Burda investorlar olmalıdır, maraq olmalıdır, dövlət dəstəyi olmalıdır. Azərbaycanda geyim sahəsi elə bir sahədir ki, burda yüksək texnologiyalara ehtiyac yoxdur. Burda yüzlərlə iş yeri açıla bilər və Azərbaycanın daxili tələbatını ödəmək mümkün ola bilər. Təəssüf ki, bu günə qədər bu istehsal zəncirini qurmaq olmayıb".
Niyaz Hacıyev
Sfera.az






