Bir və 3 qəpik dövriyyədən çıxarılmalıdır - EKSPERT

ABŞ bir sentlik sikkələrin buraxılışını dayandırıb. Məlumata əsasən, sonuncu "penni"lər Filadelfiya ştatındakı "Moned" zərbxanasında istehsal olunub. 2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp Maliyyə Nazirliyinə bir sentlik sikkələrin buraxılışını onların istehsalının baha başa gəlməsi səbəbindən dayandırmaq göstərişi verdiyini açıqlayıb. Bir "penni"nin istehsalı dövlət büdcəsinə 4 sentə başa gəlirdi. ABŞ administrasiyasının hesablamalarına görə, bu qərar ildə 56 milyon dollar qənaət etməyə imkan verəcək.
Qeyd edək ki, bu mövzu Azərbaycanda da aktualdır. Belə ki, ölkəmizdə 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir. Eyni zamanda bəzi kiçik nominallar, xüsusən də 1 və 3 qəpikliklər praktikada istifadə edilmir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın 1 və 3 qəpik nominalının qiyməti 1 və 3 qəpikdən baha başa gəlir.
O qeyd etdi ki, nağdsız ödənişlərin geniş yayıldığı, eləcə də 1 və 3 qəpikliklərin işləmədiyini nəzərə alsaq, dövlətin buna xərc çəkməsi anlaşılan deyil:
“Çox güman ki, bununla bağlı Mərkəzi Bankın təqdimatı və Milli Məclisin qərarı olmalıdır. Onların dövriyyədən çıxarılması və ya elektron qaydaya keçirilməsi qərar olmalıdır. Bu nominalları istehsal etmək dövlətə əlavə xərc və yük gətirir”.
Firuzə Əliyeva
Sfera.az






