Mənzillərin kirayə vergisi çoxdur - EKSPERT

Mənzillərin kirayə vergisi çoxdur - EKSPERT
Kateqoriya məlum deyil
T

Gələn ildən fiziki şəxslər tərəfindən kirayə verilən mənzillərə görə tutulan verginin dərəcəsi 14 faizdən 10 faizə endiriləcək. Maraqlıdır, faiz dərəcəsinin azalması kirayə müqavilələrinin sayını artıracaqmı?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Qasımzadə bu dəyişikliyin ciddi nəticələr doğurmayacağını düşünür.


Ekspertin sözlərinə görə, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi müəyyən qədər müsbət addımdır, lakin bu, kəskin dəyişiklik yaratmayacaq:


“Ciddi dəyişiklik olacağını gözləmirəm. Bəli, ola bilər ki, rəsmiləşən icarə müqavilələrinin sayında müəyyən qədər artım baş versin, amma kəskin şəkildə artacağını düşünmürəm. Hesab edirəm ki, 10 faiz belə kirayə müqavilələri üçün hələ də çoxdur. Keçən ildən də demişdik ki, bu məbləğ 14 faizdən az olmalıdır. Amma 10 faiz də çoxdur, 5 faizə endirilməsi daha məqsədəuyğundur. Bu halda daha çox əhali üçün stimul ola bilər”.


Ramil Qasımzadə bildirib ki, bu gün icarə müqavilələrinin bağlanmamasının əsas səbəbi yüksək vergi ilə yanaşı, notarial xidmətlərin baha olmasıdır.


“Hazırda icarə müqavilələri bağlayanların əksəriyyəti işdən kirayə pulu alanlardır. Onların icarə haqqını dövlət ödədiyi üçün iş yerlərindən müqavilə tələb olunur və onlar məcburi şəkildə notarial qaydada müqavilə bağlayırlar. Amma bir çox hallarda, xüsusilə 1000 manatdan aşağı kirayə dəyərinə malik fərdi yaşayış evlərində tərəflər müqavilə bağlamağa həvəsli olmurlar. Burada iki əsas səbəb var: biri vergi, digəri isə notarial xidmətlərin yüksək qiymətidir”.


Ekspert əlavə edib ki, kirayə müqaviləsinin bağlanması üçün tələb olunan prosedurlar və əlavə ödənişlər vətəndaşları bu prosesdən uzaqlaşdırır:


“Kirayə müqaviləsi bağlamaq üçün əmlak sahibi evi məcburi sığortalamalıdır. Bunun üçün da əlavə pul ödəyir. Üstəlik, evin yüklülük olmaması ilə bağlı arayış (“Forma-1”) alınmalıdır. Bu arayışın da qiyməti 80 manatdır. Bütün xərcləri topladıqda, müqavilə bağlama prosesi təxminən 200 manata qədər yüksəlir. 300 manata evini kirayə verən şəxs, təbii ki, nə 10 faiz vergi ödəməyə, nə də bu xərcləri qarşılamağa həvəsli olmur”.

 


Mütəxəssis qeyd edib ki, çox zaman tərəflər maklerlər vasitəsilə sadə, yazılı formada razılaşırlar. Lakin bu, gələcəkdə hüquqi problemlərə yol aça bilər:


“Bu cür qeyri-rəsmi razılaşmaların mənfi tərəfi ondadır ki, gələcəkdə hər hansı mübahisə yarandıqda məhkəmələr notarial qaydada bağlanmış müqavilə tələb edir. Belə müqavilə olmadıqda, tərəflər öz iddialarını sübut edə bilmirlər. Halbuki notarial müqavilə həm kirayəçini, həm də ev sahibini qoruyur. Kirayədə qalan şəxs əmin olur ki, ev sahibi istənilən vaxt onu evdən çıxara bilməz, çünki müqavilədə müddət müəyyən olunub. Ev sahibi də əmindir ki, kirayəçi ödəniş etmədən evi tərk edə bilməz və əmlaka zərər vurduğu halda məsuliyyət daşıyacaq”.


Ekspert onu da vurğulayıb ki, hazırda Bakı və ətraf ərazilərdə kirayə verilən mənzillərin dəqiq sayı məlum deyil:


“Bu barədə statistik məlumat yoxdur. Yalnız notarial qaydada bəyan olunan və rəsmi şəkildə icarə müqaviləsi bağlanan mənzillər qeydiyyata alınır. Bu məlumatları da yalnız Ədliyyə Nazirliyi açıqlaya bilər. Çünki hazırda böyük əksəriyyət icarə münasibətlərini qeyri-rəsmi şəkildə həyata keçirir”.


Bəsti Rəfizadə
Sfera.az 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR