Qızılın qiyməti rekorda yüksəldi – İndi almaq sərfəlidirmi?

Qızılın qiyməti rekorda yüksəldi – İndi almaq sərfəlidirmi?
Kateqoriya məlum deyil
T

Qızılın qiyməti dünya bazarlarında yenidən rekord həddə çatıb. Hazırda bir troya unsiya qızılın dəyəri 4214 dollar təşkil edir. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsinə görə isə xalis qızılın bir troya unsiyası 7155,6 manat, bir qramı 230 manatdır. 

 

Qiymətlərin bu səviyyəyə yüksəlməsi investorlar və əhali arasında qızıla marağı daha da artırıb. 

 

Bəs indiki yüksək qiymətlərlə qızıl almaq nə dərəcədə sərfəlidir və qiymətlərlə bağlı hansı risklər mövcuddur?


Sualımızı cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, qızılı yüksək qiymətə aldıqdan sonra qiymət qalxarsa bu, düzgün qərar olacaq. Yüksək qiymətə aldıqdan sonra qiymət düşərsə səhv qərar olacaq. 

 

Onun sözlərinə görə, məsələnin əsas mahiyyəti budur. 

Ekspert dedi ki, ümumiyyətlə, bütün investisiya alətləri risklə bağlıdır:

 

"Risksiz investisiya aləti yoxdur. Fikirləşmək ki, pul qoyum, qiyməti artsın, varlanım, belə investisiya alətləri hər biri risklə bağlıdır. Yəni qızılla bağlı heç kim dəqiq proqnoz verə bilməz. Ehtimal və proqnozlar verilir və deyilir ki, bu, proqnozdur, olmaya da bilər. Gələn il üçün qızıla yüksək proqnozlar verilib. 4500-5000 dollar kimi proqnozlar irəli sürən böyük investisiya təşkilatları var. Amma heç kim təminat vermir. İnvestisiya qoyan da öz riskini özü daşıyır. Təbii ki, qiymətlə bağlı risk həmişə var. Yəni investisiya alətidirsə, birmənalı olaraq hamı bilməlidir ki, investisiya etdiyim alətin qiyməti düşə bilər. Bu zaman, investisiya qoyduğun anda nəzərdə tutduğunuz gəliri əldə etməyə də bilərsən, hətta ziyana da gedə bilərsən”. 

 


Müsahibimizin fikrincə, risk həmişə var, amma indiki məqamda qızılın qiyməti əsasən dünyadakı qeyri-müəyyənliklərin artmasından, hərbi-siyasi gərginlikdən, iqtisadi-ticari müharibələrdən, ölkələrin bir-birini təhdid etməsindən asılıdır:


“Bu amillər gücləndikcə qızılın qiyməti artır, zəiflədikcə isə ucuzlaşır. Heç kim proqnoz verə bilməz ki, Amerika və Çin arasındakı münasibətlər necə inkişaf edəcək. Münasibətlər yaxşı olarsa, qızılın qiyməti düşər, gərginləşərsə, qiymət qalxa bilər”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR