“Azercell” “aylıq” adı ilə 28 günlük internet paketi satır - FOTO

“Azercell” “aylıq” adı ilə 28 günlük internet paketi satır - FOTO

“Azercell” şirkətinin yeni internet tarifləri tənqidlə qarşılanıb. 


Sfera.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz sosial şəbəkələrdə açıqlama yayaraq, mobil operatorun “aylıq” adı altında təqdim etdiyi 28 günlük internet paketlərinə etiraz edib.


O.Gündüz bildirib ki, "Azercell" tərəfindən “aylıq” adı ilə təqdim edilən internet paketləri əslində 30 gün yox, 28 gün keçərlidir. Bu isə müştərilərin hər il 12 deyil, 13 dəfə ödəniş etməsi ilə nəticələnir.


“Adi hesablama göstərir ki, bu qayda ilə istifadəçi ildə 12 yox, 13 dəfə ödəniş etməyə məcbur olur. Bu isə milyonlarla abunəçidən əlavə gəlir əldə edilməsi deməkdir”, – deyə O. Gündüz vurğulayıb.


AİF prezidentinin sözlərinə görə, bu sistem Avropada yalnız turistlər üçün nəzərdə tutulmuş qısamüddətli SIM kart təcrübəsinə əsaslanır: "Lakin “Azercell” bu modeli ölkə vətəndaşlarına, daimi istifadəçilərə tətbiq etməklə, istehlakçı etibarını sual altına alır".


O, bu yanaşmanı etik saymayaraq, rəqəmsal bərabərlik və sosial ədalət prinsiplərinə zidd addım kimi qiymətləndirib və qeyd edib ki, məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və digər aidiyyəti qurumları “aylıq” anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməlidir. 


O.Gündüz əlavə edib ki, “Azercell”in son dövrlərdəki tarif siyasəti əsasən müştərilərdən əlavə gəlir əldə etməyə yönəlib, lakin bu artım qarşılığında yeni xidmət və innovasiyalar müşahidə edilmir.


“5G yoxdur, innovasiya yoxdur. Qonşu ölkələr 5G və süni intellektə sərmayə yatırır. Biz isə tariflə müştərini yükləyirik”, – deyə Gündüz qeyd edib.
Qeyd edək ki, “Azercell Telekom” hazırda Azərbaycanın ən iri mobil rabitə operatorudur və səhmlərinin çox hissəsi dövlətə məxsusdur.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR