Avro ucuzlaşır - Son məzənnə

Avro ucuzlaşır - Son məzənnə
Kateqoriya məlum deyil
T

Sentyabr ayından etibarən avro/dollar məzənnəsində eniş müşahidə edilir.

Sfera.az xəbər verir ki, avqust ayında bəzi günlərdə avro/dollar məzənnəsi 1,167 idi.

Hazırda isə bir avro 1,12 dollara dəyişdirilir. Təxminən son ayyarımda avronun dollara nəzərən 4 faiz ucuzlaşması qeydə alınıb. Ayyarım əvvəl 116,7 dollar olan 100 avro indi 4,7 dollar daha ucuzdur. Mövcud göstərici son 17 ayın ən aşağı məzənnəsidir.

Avronun ucuzlaşmasının arxasında həm ABŞ, həm də Avropa iqtisadiyyatından qaynaqlanan üç əsas səbəb dayanır.

Birinci səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) "güclü dollar" siyasətidir. FED inflyasiya ilə mübarizə çərçivəsində faiz dərəcələrini artırıb və yüksək səviyyədə (təxminən 4% ətrafında) saxlamağa davam edir. Faizlərin artmasından sonra ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksəlib və bu səbəbdən qlobal investorlar üçün dollar daha cəlbedicidir. FED-in Avropa Mərkəzi Bankına (ECB) nisbətən daha sərt və aqressiv pul-kredit siyasəti yürütməsi dolların qlobal miqyasda avro da daxil olmaqla digər valyutaları sıxışdırmasına yol açır.

İkinci səbəb Avropada enerji qiymətlərinin daha çox yüksəlməsidir. Avropada benzin, dizel yanacağı və maye qaz bahalaşdığından inflyasiya səviyyəsinin daha da yüksələcəyi təxmin edilir. Hazırda "Qoca qitə"də qazın qiyməti 2022-ci ildən bəri ən yüksək həddə çatıb. Bahalı enerji Avrozonada sənaye xərclərini artırır, iqtisadi artımı zəiflədir və resessiya (iqtisadi geriləmə) qorxusu yaradır. İnvestorlar iqtisadiyyatı zəifləyən Avropadan kapitalı çıxararaq daha təhlükəsiz sığınacaq olan ABŞ bazarına yönəldirlər.

Üçüncü səbəb Avrozonanın aparıcı hərəkətverici qüvvələri olan Almaniya və Fransadakı daxili siyasi gərginliklər və büdcə kəsridir. Bu məsələlər Avropada problemlər yaradır və psixoloji təzyiqi artırır. Fransanın artan borc yükü və Almaniyada islahatların gecikməsi Avropa iqtisadiyyatının gələcəyinə olan inamı azaldır.

Avronun ucuzlaşması Azərbaycanda da özünü göstərir. Ayyarım əvvəl Mərkəzi Bankda bir avro 1,98 manat idi. Amma hazırda bir avro 1,90 manatdır. İndi kommersiya bankları avronu 1,885–1,895 manatdan alır, 1,915–1,925 manatdan satırlar.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR