Neftin bahalaşması mənzilləri də bahalaşdırır - İqtisadçı

Neftin bahalaşması mənzilləri də bahalaşdırır - İqtisadçı
Kateqoriya məlum deyil
T

Neft qiymətləri uzun müddətdir ki, proqnozlaşdırılan səviyyədən yüksəkdir. "Qara qızıl"ın bahalaşması bütün əmtəə və xidmətlərin dəyərinin tədricən yüksəlməsinə səbəb olur. Baha neft sənaye məhsullarının, eləcə də tikinti işlərinin maya dəyərini artırır. Bu səbəbdən əksər ölkələrdə daşınmaz əmlak qiymətlərində də izafi artımlar qeydə alınır.

Bəs neftin bahalaşması Azərbaycanda da daşınmaz əmlak qiymətlərinin, o cümlədən mənzillərin dəyərinin artmasına təsir edirmi?

İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, neft qiymətlərinin artması ilə mənzil qiymətlərinin yüksəlməsi arasında birbaşa əlaqə yoxdur.

Onun sözlərinə görə, neftin bahalaşmasının daşınmaz əmlak bazarına daha çox dolayı və orta müddətli təsirləri mövcuddur:

“Burada birbaşa əlaqə yoxdur. Məsələn, neftin qiymətinin 100 dollardan 120 dollara yüksəlməsi avtomatik olaraq Əhmədlidə mənzillərin bahalaşacağı anlamına gəlmir. Neft qiymətlərinin yüksək olması Azərbaycan mənzil bazarına, eləcə də digər bazarlara təsir edən amillərdən biridir, lakin bu, birbaşa və yeganə əlaqə deyil”.

X.Kərimli neft qiymətlərinin yüksəlməsinin Azərbaycana daha çox vəsait daxil olmasına, bunun isə vətəndaşların manata etimadının artmasına və iqtisadi aktivliyin davamlılığı ilə bağlı müsbət gözləntilərin formalaşmasına təsir edə biləcəyini deyib:

“Dövlət büdcəsinin gəlirlərinin artması, büdcə xərclərinin davam edəcəyi, iqtisadi aktivliyin qorunacağı və manatın maliyyə sabitliyi ilə bağlı risklərin azalacağına dair gözləntilər daşınmaz əmlak bazarında aktivliyi artıra bilər. Bu, psixoloji gözləntilərlə də bağlıdır. İnsanlar gələcəkdə manatın dəyərdən düşə biləcəyini düşünürlərsə, vəsaitlərini daşınmaz əmlaka yönəltməyə üstünlük verə bilərlər. Dövlət büdcəsinin və gəlirlərin artması, gələcəyin daha yaxşı olacağı ilə bağlı gözləntilər də bazarda aktivliyə təsir göstərir”.

O söyləyib ki, neft qiymətlərinin artması ilə daşınmaz əmlak bazarına dolayı təsir göstərən digər kanallar da mövcuddur:

“Belə ki, enerji qiymətlərinin yüksəlməsi tikinti materiallarının, daşınma və işçilik xərclərinin artmasına səbəb ola bilər. Bu isə öz növbəsində mənzil tikintisinin maya dəyərinə təsir göstərir. Daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına torpağın məhdudluğu və bahalaşması, tikinti materiallarının qiyməti, daşınma və digər xərclər də təsir edir. Bu səbəbdən məsələyə sadə formul kimi yanaşmaq olmaz. Neft qiymətləri ilə daşınmaz əmlak bazarı arasında müəyyən əlaqə var, lakin bu, birbaşa əlaqə deyil. Burada əsasən sabitlik, gələcək inkişafla bağlı gözləntilər və bazarda narahatlığın azalması kimi amillərin təsiri nəzərə alınmalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR