Manat 2015-ci ilin minimumuna yaxınlaşdı - İqtisadiyyat üçün təhlükə var?

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.
Bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə isə 0,42 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Manatın dövretmə sürətinin uzun müddət aşağı səviyyədə qalması iqtisadi artıma, inflyasiyaya necə təsir edəcək?
Bu haqda Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib. O, manatın dövretmə sürətinin uzun müddət aşağı səviyyədə qalmasının ilk növbədə iqtisadiyyatda pulun əvvəlki qədər aktiv xərclənmədiyini göstərən amil olduğunu açıqlayıb:

“Sadə dillə desək, eyni manat müəyyən dövr ərzində daha az sayda alış-veriş və iqtisadi əməliyyatda iştirak edir. Bu, əhalinin və biznesin vəsaitlərini daha çox yığımda saxlaması, istehlak və investisiya qərarlarını təxirə salması və ya bank sistemində likvidliyin real iqtisadi dövriyyəyə daha zəif ötürülməsi ilə bağlı ola bilər. Belə vəziyyət uzun müddət davam edərsə, iqtisadi artıma müəyyən məhdudlaşdırıcı təsir göstərə bilər. Çünki pulun dövriyyəsi zəiflədikcə ticarət, xidmətlər, istehlak və investisiya fəallığının artım tempi də zəifləyə bilər. Lakin bunu avtomatik olaraq “iqtisadiyyat zəifləyəcək” kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ dövretmə sürətinin niyə azalmasıdır. Əgər səbəb inflyasiya gözləntilərindən qorunmaq üçün əhalinin daha çox qənaət etməsi, bank depozitlərinin artması və maliyyə sabitliyinin güclənməsidirsə, təsir bir cür, kredit tələbinin və biznes fəallığının zəifləməsidirsə, tamam başqa cür olur”.
Ekspertin sözlərinə görə, inflyasiya baxımından isə aşağı dövretmə sürəti müəyyən mənada əks istiqamətdə işləyi, yəni pul daha az sürətlə xərclənirsə, tələbin yaratdığı qiymət təzyiqi də zəifləyə bilər:
“Başqa sözlə, eyni pul kütləsi daha az sayda əməliyyata daxil olduğu üçün “tələb inflyasiyası”nın sürətlənməsi ehtimalı azalır. Bu baxımdan manatın dövretmə sürətinin aşağı düşməsi hazırda inflyasiya üçün əlavə təzyiq yaradan deyil, müəyyən qədər məhdudlaşdırıcı amil kimi çıxış edə bilər. Amma burada əhəmiyyətli bir paradoks var: aşağı dövretmə sürəti inflyasiyanı zəiflədə, eyni zamanda iqtisadi artımı da ləngidə bilər. Yəni qiymət sabitliyinin müəyyən qədər yaxşılaşması iqtisadi fəallığın zəifləməsi hesabına baş verə bilər. Ona görə də yalnız dövretmə sürətinə baxaraq pul siyasətinin istiqaməti barədə nəticə çıxarmaq olmaz. Azərbaycan iqtisadiyyatında daha vacib məsələ pulun bank sistemində qalması ilə onun kredit və investisiya kanalı vasitəsilə real sektora ötürülməsi arasındakı fərqdir. Əgər vəsait depozitlərdə toplanır, lakin biznes və əhali kifayət qədər kredit götürmürsə, pul kütləsi mövcud olsa da, onun iqtisadi aktivliyi artırmaq qabiliyyəti məhdudlaşır. Nəticədə istehlak və investisiya tələbi zəifləyə bilər. Digər tərəfdən, manatın dövretmə sürətinin azalması avtomatik olaraq deflyasiya və ya qiymətlərin ucuzlaşması demək deyil. Azərbaycanda inflyasiyaya idxal qiymətləri, ərzaq bazarındakı vəziyyət, logistika xərcləri, əməkhaqqı, dövlət xərcləri, enerji tarifləri və məzənnə kimi çoxsaylı amillər təsir edir. Hazırda illik inflyasiyanın 5,7% olması da göstərir ki, pulun dövriyyə sürətinin azalmasına baxmayaraq qiymət artımı tam aradan qalxmayıb”.
A.Nəsirli manatın dövretmə sürətinin 2,96 səviyyəsində uzun müddət qalmasının daha çox iqtisadiyyatda pulun “passivləşməsi” baxımından diqqət çəkdiyini vurğulayıb:
“Əgər bu proses kreditləşmənin, istehlakın və özəl investisiyaların zəifləməsi ilə müşayiət olunarsa, iqtisadi artım üçün mənfi siqnal sayıla bilər. Əksinə, pulun daha çox depozitlərdə toplanması sonradan kredit və investisiyaya çevrilərsə, bu, müvəqqəti xarakter daşıya və gələcək iqtisadi fəallıq üçün maliyyə bazası yarada bilər.
Ona görə də əsas sual manatın dövretmə sürətinin 2,96-ya düşməsi deyil, bu göstəricinin arxasında hansı davranışın dayanmasıdır: insanlar vəsaiti xərcləməkdən çəkinirlər, yoxsa daha çox qənaət edirlər; biznes investisiyaları təxirə salır, yoxsa banklarda kredit təklifi məhduddur? Bu sualların cavabı iqtisadi artıma təsirin istiqamətini müəyyənləşdirəcək.
Maraqlıdır ki, hazırkı göstərici son 21 ilin minimumuna çox yaxınlaşıb: həmin minimum 2015-ci ilin yanvarında 2,68 bənd olub. Buna görə 2,96 səviyyəsinin uzun müddət qorunması ayrıca müşahidə edilməli göstəricidir. Nəticə etibarilə, manatın aşağı dövretmə sürəti qısamüddətli perspektivdə inflyasiya təzyiqini zəiflədə bilər, lakin uzun müddətdə pulun real iqtisadiyyata kifayət qədər sürətlə ötürülməməsi iqtisadi artım üçün problemə çevrilə bilər. Azərbaycan üçün optimal vəziyyət pulun sadəcə dövriyyədə çox sürətlə hərəkət etməsi deyil, onun istehlak, məhsuldar investisiya və biznes kreditləşməsi vasitəsilə real əlavə dəyər yaratmasıdır.Bu mövzuda ən mühüm göstəricilər M2-nin artımı, əmanətlərin dinamikası, iqtisadiyyata kredit qoyuluşları, istehlak xərcləri və ÜDM artımı ilə birlikdə izlənməlidir. AMB bu göstəriciləri ayrıca dərc edir”.
Bəsti Rəfizadə
Sfera.az






