Gənc futbolçu faciəvi şəkildə həyatını itirdi

Argentinada baş verən ağır yol-nəqliyyat hadisəsi ölkənin idman ictimaiyyətini dərin kədərə qərq edib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, “Atletiko y Sosyedad Arxentinos del Norte” klubunun 20 yaşlı futbolçusu Santyaqo Nikolas Korassa avtomobil qəzasında həyatını itirib.
Məlumata görə, hadisə iyulun 26-na keçən gecə Servantes şəhəri yaxınlığındakı magistral yolda baş verib. Bildirilir ki, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Güclü toqquşma zamanı Santyaqo Korassa avtomobildən kənara düşüb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onu xəstəxanaya çatdırsa da həkimlər gənc futbolçunun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Korassa peşəkar futbol yoluna “Deportivo Roka” klubunda başlayıb. Uğurlu çıxışlarından sonra “Atletiko y Sosyedad Arxentinos del Norte” klubuna transfer olunan futbolçu bölgənin ən perspektivli gənc oyunçularından biri hesab edilirdi.
Hazırda hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.
Mənsumə






