İran ABŞ və İsrailə qarşı 241 ittiham aktı hazırlayıb
İran ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi hücumlarla bağlı indiyədək 241 ittiham aktı hazırlayıb. Sənədlərin ölkənin cinayət məhkəmələrinə göndərildiyi açıqlanıb.
Sfera.az xəbər verir ki, İranın Tələbə Xəbər Şəbəkəsinin (SNN) məlumatına görə, İran İnsan Hüquqları üzrə Ali Şurasının katibi, Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq əlaqələr üzrə müavini Nasir Sirac məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, müharibə zamanı törədildiyi iddia olunan cinayətlərlə bağlı işlərin araşdırılması üçün müvafiq qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilir. Bu çərçivədə sübut və sənədlər toplanaraq aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarına təqdim edilib.
Nasir Siracın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı törətdiyi iddia olunan cinayətlərin demək olar ki, hamısı prokurorluqda cinayət işlərinin başlanması ilə nəticələnib.
“Bu günə qədər prokurorluq tərəfindən 241 ittiham aktı hazırlanıb və həmin sənədlər cinayət məhkəmələrinə göndərilib”, – deyə o bildirib.
Sirac İnsan Hüquqları üzrə Ali Şuranın hüquqi proseslərin davam etdirilməsinə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, toplanmış sənəd və sübutlardan hüquqi tədbirlərin görülməsi, eləcə də zərərçəkənlərin tələblərinin milli və beynəlxalq platformalarda gündəmə gətirilməsi məqsədilə istifadə olunacaq. İranlı rəsmi terror aktlarının qurbanlarının zaman keçdikcə unudulmamalı olduğunu qeyd edib. O, bu əməlləri törədən və ya onlara dəstək verən şəxslərin məsuliyyətdən kənarda qalacaqlarını düşünməməli olduqlarını bildirib.
Bəsti Rəfizadə
Sfera.az






