Kanadada hicab qadağan edildi
Kanadanın Ali Məhkəməsi ölkənin şərqində yerləşən Kvebek əyalətində dövlət sektoru işçilərinin dini simvollar daşımasını qadağan edən qanunun konstitusiyaya uyğun olduğuna qərar verib.
Sfera.az xəbər verir ki, məhkəmə 2019-cu ildə qəbul edilən və “Bill 21” kimi tanınan dünyəvilik qanununun qüvvədə qalmasını təsdiqləyib. Qərara əsasən, Kvebekdə dövlət sektorunda çalışan şəxslərin iş yerlərində hicab, xaç və digər dini simvollardan istifadə etməsinə qoyulan qadağanın hüquqi qüvvəsi təsdiqlənib. Məhkəmənin sədri Riçard Vaqner qərarla bağlı açıqlamasında bildirib ki,
“Bill 21” qanunu Kvebekin dünyəvilik və demokratiyaya sadiqliyinin tarixi və qanuni əsaslarından irəli gəlir.
Kanada Müsəlmanları Milli Şurasının (NCCM) baş icraçı direktoru Stiven Braun qərarın ölkə üzrə fundamental hüquqlara zərər vura biləcəyi barədə xəbərdarlıq edib. O, məhkəmənin qərarını dini azadlıq və bərabərlik baxımından ciddi geriləmə kimi qiymətləndirib.
“Bu gün Kvebek və Kanada üçün qaranlıq gündür. Kanadalıların Konstitusiya ilə təminat altına alınmış hüquqlarına qarşı genişmiqyaslı hücumun qapıları taybatay açılıb”, – deyə Braun bildirib.
Onun sözlərinə görə, Kvebekdə bir çox insan dini görünüşünə görə işini, təhsil imkanlarını və karyera perspektivlərini itirib. Braun qərarın nəticələrinin dini azlıqlarla məhdudlaşmayacağını da vurğulayıb. O qeyd edib ki, bu qərar ölkədəki bütün hökumətlərə vətəndaşların fundamental azadlıqlarını məhdudlaşdıran qanunlar qəbul etmək üçün geniş səlahiyyət verə bilər.
Kanadanın Baş naziri Mark Karni federal hökumətin məhkəmə qərarına hörmətlə yanaşdığını bildirib. O, qərarın həm Kvebekdə, həm də ölkənin digər bölgələrində mümkün təsirlərinin araşdırılacağını qeyd edib. Kanadanı müxtəlif mədəniyyətlərin bir arada yaşadığı “mozaika” kimi xarakterizə edən baş nazir ölkədə hüquq və azadlıqların qorunmasının vacibliyini vurğulayıb.
“Federal hökumət öz səlahiyyətləri çərçivəsində Kanadada bu hüquq və azadlıqları qorumaq üçün hər zaman əlindən gələni edəcək”, – deyə Karni bildirib.
O əlavə edib ki, Kanada hər kəsin öz kimliyi ilə inkişaf edə bildiyi, azlıqların hüquqlarının qorunduğu bir ölkə olduqda daha güclüdür.
“Bill 21” qanunu nəyi nəzərdə tutur?
2019-cu ildə qəbul edilən “Bill 21” qanunu Kvebekdə dövlət sektorunda çalışan müəyyən vəzifəli şəxslərin iş zamanı dini simvollar daşımasını qadağan edir. Qadağa hicab, xaç, sikh dini ənənəsinə aid simvollar və digər dini atributları əhatə edir. Müsəlman, sikh və katolik icmalarının nümayəndələri də daxil olmaqla, müxtəlif qruplar qanunun fundamental hüquqları pozduğunu əsas gətirərək məhkəməyə müraciət ediblər. BBC-nin məlumatına görə, Ali Məhkəmənin qərarı Kanadada dini ifadə azadlığı ilə bağlı müzakirələri daha da gücləndirə və müxtəlif ictimai qrupların etirazına səbəb ola bilər.
Bəsti Rəfizadə
Sfera.az





