Hərbi helikopter qəzaya uğradı: 8 nəfər həlak oldu
Perunun kokain istehsalında istifadə olunan koka bitkisinin becərildiyi VRAEM bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin təhlükəsizlik qüvvələrinin intensiv fəaliyyət göstərdiyi dağlıq ərazidə baş verib. Məlumata görə, Ene və Mantaro çaylarının vadisində (VRAEM) xidməti uçuş həyata keçirən helikopterdə 9 hərbi qulluqçu olub. Qəza nəticəsində onlardan 8-i həlak olub. Sağ qalan yeganə şəxs pilot olub. Yaralı pilot tibbi yardım göstərilməsi üçün ərazidən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Peru Müdafiə Nazirliyi qəza ilə bağlı açıqlama yayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində helikopterin qalıqları və göyərtədə olan hərbçilər aşkarlanıb.
Qəzanın dəqiq səbəbi hələlik məlum deyil. VRAEM Xüsusi Komandanlığı hadisənin ölkənin cənubundakı Ayakuço bölgəsinin Sanabamba kənd ərazisində baş verdiyini açıqlayıb.
Qeyd edək ki, Perunun cənub-şərqində, And dağlarında yerləşən VRAEM beş inzibati bölgəni əhatə edən geniş dağlıq və meşəlik ərazidir. Bu bölgə ölkədə koka bitkisinin becərilməsi və kokain istehsalının əsas mərkəzlərindən biri hesab olunur. Dünyanın Kolumbiyadan sonra ikinci ən böyük kokain istehsalçısı sayılan Peruda VRAEM silahlı qruplaşmaların mövcudluğu və narkotik qaçaqmalçılığı səbəbindən təhlükəsizlik qüvvələrinin əsas əməliyyat bölgələrindən biridir.
Bəsti Rəfizadə






