Tramp-Putin razılaşması pozulub? – Tankerlər ABŞ-yə çatmadı
Rusiya dizel yanacağını ABŞ-yə daşımalı olan bir neçə tanker gözlənilmədən marşrutunu dəyişib. Bu, Donald Tramp və Vladimir Putin arasında əldə olunduğu bildirilən razılaşmalar fonunda baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu Financial Times nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya yanacağı daşıyan tankerlərdən ən azı ikisi ABŞ istiqamətindən uzaqlaşıb, digərlərinin isə son təyinat məntəqəsi hələ də qeyri-müəyyəndir. Tankerlərdən biri Braziliyaya, digəri Əlcəzairə yönəlib
Honkonq şirkətinə məxsus, Syerra-Leone bayrağı altında üzən və sanksiyalara məruz qalmış Leruo tankeri artıq təyinat məntəqəsi kimi Braziliyanı göstərir. Digər tanker – Talisman isə Atlantik okeanını tərk edərək Aralıq dənizinə daxil olub və hazırda Əlcəzair sahilləri yaxınlığındadır.
Gəmi avtomatik identifikasiya sistemi vasitəsilə “göstəriş gözləyir” siqnalı ötürür. Bu isə onun təsdiqlənmiş alıcısının və ya yükboşaltma limanının olmaması ehtimalını yaradır. Digər iki tankerin taleyi də qeyri-müəyyəndir.
Yunanıstanın Eastern Mediterranean Maritime şirkətinə məxsus Agioi Fanendes tankeri hələlik ABŞ istiqamətində hərəkətini davam etdirir. Lakin gəmi konkret təyinat limanını göstərmir. Kpler analitik şirkətinin məlumatına görə, bu tanker də marşrutunu dəyişə bilər.
Dördüncü tanker – Beast isə oktyabrın 27-də Rusiyanın Primorsk limanında dizel yanacağı yüklədikdən sonra ABŞ-nin Atlantik okeanı sahillərinə doğru hərəkətini davam etdirir.
Financial Times-ın məlumatında qeyd olunur ki, ilkin tədarüklərlə əlaqələndirilən bu gəmilərin heç birinin son təyinat məntəqəsi təsdiqlənməyib.
ABŞ-də isə dizel ehtiyatları kritik həddə düşüb. Rusiya tankerlərinin marşrutlarını dəyişməsi ABŞ-də dizel yanacağı ehtiyatlarının azalması fonunda baş verir. Son məlumatlara görə, ölkənin dizel ehtiyatları son 20 ildən artıq müddətdə ilk dəfə 100 milyon bareldən aşağı düşüb.
Bu vəziyyət ABŞ bazarında yanacaq təchizatı ilə bağlı narahatlıqları artırır. Bununla belə, tankerlərin istiqamət dəyişməsinin konkret səbəbləri və bunun Tramp-Putin razılaşmaları ilə birbaşa əlaqəsi barədə hələlik dəqiq məlumat yoxdur./musavat






