ABŞ-də Demokratların mövqeyi güclənir: Sorğular onların xeyrinədir
Noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərə sayılı günlər qaldığı bir vaxtda Demokratlar Partiyasında Nümayəndələr Palatasında çoxluğu əldə diləcəyinə dair nikbinlik artıb.
Sfera.az xəbər verir ki, son ictimai rəy sorğularına əsasən, Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək ehtimalı yüksək qiymətləndirilir.
Bu isə onlara Prezident Donald Tramp administrasiyasının fəaliyyətinə parlament nəzarətini gücləndirmək imkanı verə bilər.
“RealClearPollingin” milli sorğular üzrə orta göstəricilərinə əsasən, Demokratlar 51,4 faiz, Respublikaçılar isə 43,2 faiz dəstəyə malikdir. Müxtəlif sorğu mərkəzlərinin nəticələrində də Demokratların üstünlüyü 6–8 faiz arasında dəyişir.
ABŞ-nin "Axios" nəşrinin məlumatına görə, Demokratlar qələbəyə ümidli olsalar da, sorğulardakı mümkün xəta payını nəzərə alaraq ehtiyatlı mövqe sərgiləyirlər. Nümayəndələr Palatasının üzvü Ceymi Raskin nəticələrlə bağlı nikbin olduqlarını, lakin seçkinin son mərhələsində vəziyyətin dəyişə biləcəyini bildirib. Kaliforniya ştatını təmsil edən Ro Khanna isə Demokratların Nümayəndələr Palatasında 20–25 əlavə mandat qazana biləcəyinə ümid etdiyini qeyd edib.
Seçkilərin nəticəsinə təsir edə biləcək əsas mübarizə meydanlarından biri Texas ştatıdır. Burada Demokrat namizəd Ceyms Talariko ilə Respublikaçı Ken Pakston arasında rəqabətin gərgin olduğu bildirilir. Miçiqan ştatında isə Demokrat Abdul El-Sayed və Respublikaçı Mayk Rocers arasında ciddi mübarizə gedir.
Respublikaçıların ənənəvi üstünlüyə malik olduğu Kanzas ştatında da seçki kampaniyası böyük maliyyə miqyası ilə diqqət çəkir. Respublikaçı Rocer Marşal və Demokrat Adam Hamilton arasında aparılan kampaniya çərçivəsində reklam xərclərinin 71 milyon dollara çatdığı bildirilir.
Seçki kampaniyasının diqqətçəkən məqamlarından biri də sabiq prezident Barak Obamanın siyasi fəaliyyətini yenidən fəallaşdırması və Donald Trampla qarşılıqlı sərt açıqlamaları olub. Hər iki siyasətçi Corciya və Ohayo ştatlarında keçirilən mitinqlərdə tərəfdarlarına müraciət edib.
Obama Tramp administrasiyasını xaos, korrupsiya və səriştəsizlikdə ittiham edib. O, ABŞ-də benzin və ərzaq qiymətlərinin artdığı bir vaxtda Ağ Evdə həyata keçirilən bahalı yenidənqurma layihələrini, eləcə də İranla bağlı siyasəti tənqid edib.
Donald Tramp isə çıxışında ABŞ-nin “qızıl dövrünü” yaşadığını bildirib, miqrasiya və gömrük siyasətini müdafiə edib. O, Demokratları ölkənin sərvətini mənimsəməkdə və sərhəd təhlükəsizliyini zəiflətməkdə ittiham edib.
Seçkilərin nəticələri Trampın ikinci prezidentlik dövründə Konqresdə siyasi qüvvələr nisbətinin necə formalaşacağını və administrasiyanın gələcək fəaliyyət imkanlarını müəyyənləşdirəcək.
İradə Elsevər






