ABŞ-də 90 il sonra: Terrorçunun edamı canlı yayımlanacaq

ABŞ-də 90 il sonra: Terrorçunun edamı canlı yayımlanacaq
Kateqoriya məlum deyil
T

ABŞ-nin müdafiə naziri Pit Heqset 2009-cu ildə Fort Hud hərbi bazasında törədilən hücuma görə ölüm cəzasına məhkum edilmiş sabiq hərbçi Nidal Malik Həsənin edamını ictimaiyyətin izləyə biləcəyini deyib.

Sfera.az xəbər verir ki, Heqset edamın hansı platforma vasitəsilə yayımlanacağı və ictimaiyyətin bu prosesi necə izləyə biləcəyi barədə ətraflı məlumat verməyib.

ABŞ-nin müdafiə naziri bu barədə “Real America's Voice” telekanalına müsahibəsində danışıb. Həsənin edamı ilə bağlı suala cavab verən Heqset bildirib ki, proses ictimaiyyət üçün açıq olacaq:

“İnsanların bunu izləməsinə imkan yaradacağıq. Bu, ictimaiyyətə açıq olacaq. Çünki insanlar bu cür əməllərin ciddi nəticələri olduğunu anlamalıdırlar”.

Heqsetin açıqlaması ABŞ ordusunun hərbi edam prosesini ictimaiyyətə hansı formada təqdim edəcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, ABŞ mediasının məlumatına görə, ölkədə təxminən 90 ildir ictimaiyyətin qarşısında edam həyata keçirilməyib. ABŞ ordusunda güllələnmə yolu ilə son edam 1945-ci ildə baş tutub. İkinci Dünya müharibəsi zamanı fərarilikdə təqsirli bilinən sıravi əsgər Eddi Slovik Fransada güllələnərək edam edilib. ABŞ-də son ictimai edam isə 1936-cı ildə Kentukki ştatında həyata keçirilib. Ağdərili qadına təcavüz etməkdə təqsirli bilinən qaradərili Reyni Beteya asılaraq edam olunub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR