Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək
Avropa Birliyi (AB) komissiyasının adı açıqlanmayan sözçüsü, Rusiyada "vəba epidemiyası" narahatlığına səbəb olan hadisə ilə bağlı "Euronews" internet saytına açıqlama verib.
Komissiya sözçüsü bildirib ki, üzv ölkələrin səhiyyə nazirliklərinin rəsmilərini bir araya gətirən AB Səhiyyə Təhlükəsizliyi Komitəsi gün ərzində bu məsələni müzakirə etmək üçün toplanacaq.
Sfera.az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısını Alma və Nəzarət Mərkəzi (ECDC) tərəfindən edilən açıqlamada da Rusiyadakı vəziyyətin yaxından izlənildiyi vurğulanıb.
Bildirilib ki, hazırkı məhdud məlumatlara görə, xəstəliyin yayıldığına dair heç bir sübut yoxdur.
Açıqlamada AB-də onilliklərdir vəba hadisəsinin qeydə alınmadığı və bu xəstəliyin antibiotiklərlə effektiv şəkildə müalicə olunduğu diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, xəstəliyin başqasına yoluxması üçün adətən artıq simptomları olan xəstə şəxslə yaxın və uzunmüddətli təmas tələb olunur.
Vəba şübhəsi olan şəxslərin təcrid edilməli (karantinə alınmalı) və tibb işçilərinin göstərişlərinə uyğun müalicə almalı olduğu bildirilən bəyanatda, ECDC-nin Dünya Səhiyyə Təşkilatının Avropa ofisi ilə əlaqə saxladığı da qeyd edilib.
Rusiyadakı hadisə necə baş verib?
Rusiyanın İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də bölgədə yaşayan bir nəfərdə xüsusilə təhlükəli infeksiya şübhəsi barədə məlumat aldıqdan sonra Fövqəladə Sanitariya və Epidemiya ilə Mübarizə Komissiyasının iclasını keçirmişdi.
Bəzi sosial media kanalları isə həmin gün Vəba ilə Mübarizə İnstitutunun bir əməkdaşının "ağciyər vəbası" səbəbindən öldüyünü iddia etmişdi.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət Federal Xidməti (Rospotrebnadzor) isə bəyanat yayaraq bildirmişdi ki, Sibir və Uzaq Şərq İrkutsk Vəba ilə Mübarizə İnstitutunun bir əməkdaşına "səbəbi bilinməyən sətəlcəm" diaqnozu qoyulduğu üçün xüsusi ehtiyat tədbirləri görülüb.
Vasif






