Çin İran siyasətində dəyişiklik etməyəcək – Politoloq

Çin İran siyasətində dəyişiklik etməyəcək – Politoloq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşdən sonra Vaşinqton Pekinin İrana dəstəyini nəzərdən keçirməyə hazır olduğunu bəyan edib. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts tərəflərin nüvə silahının yayılmaması və Hörmüz boğazının hərbiləşdirilməməsi məsələlərində razılığa gəldiyini bildirib.

ABŞ rəsmisinin bu açıqlamasını şərh edən politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, Çinin xüsusilə İran kimi mühüm tərəfdaşı ilə münasibətlərini təhlükəyə atacaq addım atması inandırıcı deyil.

Onun sözlərinə görə, İran Çin üçün yalnız ABŞ-yə qarşı tərəfdaş deyil, iqtisadiyyatın bir sıra sahələrində həyati əhəmiyyət daşıyan ölkələrdən biridir.

Politoloq qeyd edib ki, Çin ABŞ-nin istəklərinə görə İranla münasibətlərini kəsmək və ya əlaqələri minimuma endirmək niyyətində deyil:

“ABŞ Çinin İrana dəstəyinin, xüsusilə hərbi-siyasi baxımdan azaldılmasını istəyirsə, Çinə İrandan əldə etdiyi üstünlüklərdən daha çox müsbət nəticələr vəd etməlidir. ABŞ-nin buna hazır olduğunu düşünmürəm”.

H.Səhrablı ABŞ və Çin arasında yaşanan gərginliyin əsas səbəblərindən birinin iqtisadi rəqabət olduğunu bildirib. Onun fikrincə, Vaşinqton Çinin iqtisadi və texnoloji inkişafını öz maraqları baxımından təhdid kimi qiymətləndirir:

“Pekin İranla bağlı siyasətində yalnız nüvə məsələsi üzrə müəyyən öhdəlik götürə bilər. Çin beynəlxalq hüquqa uyğun olaraq nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində İrana hər hansı dəstək verməkdən çəkinə bilər. Ancaq İranı tamamilə meydanda tək buraxmaq və ondan üz çevirmək Çinin edəcəyi məsələ deyil. Ən azı iqtisadi məsələlərdə ABŞ-ni birmənalı şəkildə ötənə qədər Çin və İran arasında qarşılıqlı ehtiyac davam edəcək”.

H.Səhrablı deyib ki, Çinin əsas məqsədi İranı ABŞ-a qarşı müdafiə etmək deyil. Pekin İranla münasibətləri qorumaqla öz iqtisadi, siyasi və müəyyən mənada hərbi maraqlarını təmin etməyə çalışır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR