ABŞ və İran taktikanı dəyişir - Müharibənin coğrafiyası genişlənə bilər

İranın dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, ABŞ ilə baş verə biləcək yeni müharibə Hind okeanına yayıla bilər. Səfəvi müharibənin yayıla biləcəyi ölkələrin adını çəkməyib. Amma onun bu fikirləri İranın müəyyən hazırlıqlar gördüyünə işarə edir.
Bəs İran Hind okeanı regionunda haraları hədəf seçə bilər?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sfera.az-a açıqlamasında bildirib ki, tərəflər artıq əvvəlki taktikalardan fərqli addımlar atmağa başlayıblar və növbəti qarşıdurma zamanı prosesin coğrafiyasının genişlənməsi mümkündür.
Onun sözlərinə görə, ABŞ əvvəlcə İranın İsrailə hücumlarının və ölkə ərazisində böyük dağıntıların qarşısını almağa çalışıb. İranın İsrailə raket və dron hücumları nəticəsində ciddi dağıntılar yaranırdı:
"Sonrakı mərhələdə İsrail İranla birbaşa hücumlarda əvvəlki kimi iştirak etməyib. İsrail Livanda, Suriyada və Qəzzada öz proseslərini davam etdirsə də, İranla birbaşa hücumlarda iştirak etmirdi”.
X.Bəşirovun fikrincə, hazırda ABŞ da İran ərazisinə birbaşa hücumları dayandırıb, lakin bölgədə gəmilər və bəzi adalarla bağlı hərbi qarşıdurmalar davam edir:
"ABŞ və İsraildə keçiriləcək parlament seçkiləri də tərəflərin siyasətinə təsir göstərən amillərdəndir. ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq platformalardakı çıxışlarında ölkə daxilindəki seçicilərə yönəlmiş mesajlar da ön planda olub".

X.Bəşirov qeyd edib ki, ABŞ hazırda İran aviaşirkətlərinə məxsus təyyarələrin müxtəlif ölkələrin ərazilərinə buraxılmaması üçün ayrı-ayrı dövlətlərə çağırışlar edir və bunun nəticəsində bir sıra ölkələr prosesdə aktivlik göstərirlər:
“İran da burada əvvəlcə bəyan etdi ki, fərqli taktika seçəcək. Yeni hədəflərə hücumlar təşkil edəcəyini və daha dəqiq vuran yeni silahlardan istifadə edəcəyini açıqlayıb. ABŞ uzun müddətdir İran ərazisini hədəfə almır, İran isə qarşıdurmanın daha da böyüməməsi üçün İsrail və ABŞ donanmasına qarşı birbaşa hücumları məhdudlaşdırır. İran daha çox Körfəz ölkələrində yerləşən ABŞ bazalarını hədəfə almağa üstünlük verir".
X.Bəşirov İranın Hind okeanında yerləşən obyektlərə mümkün hücumlarından da danışıb. O, burada xüsusilə Böyük Britaniya və ABŞ-ın birgə nəzarətində olan Dieqo-Qarsiya adasının hədəfə alına biləcəyini qeyd edib:
“Düşünürəm ki, bu mesaj ABŞ-nin orada müəyyən hava hücumundan müdafiə sistemlərini, raketlərini və digər hərbi resurslarını saxlaması ilə bağlıdır. Onların hədəfə alınması real görünür. ABŞ-nin istifadə etdiyi digər hərbi obyektlərin də İran tərəfindən hədəfə alınması mümkündür. Belə bir ssenari qarşıdurmanın miqyasının genişlənməsinə səbəb ola bilər".
X.Bəşirov hesab edir ki, növbəti hücumlar başlasa, Dieqo-Qarsiyaya mümkün hücum Böyük Britaniyanın prosesə qoşulması üçün səbəblərdən birinə çevrilə bilər.
Qarşıdurmanın genişlənməsi region və tərəflər üçün müsbət nəticə vəd etmir.
İradə Elsevər






