Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb.
Sfera.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat verib.
Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyət orqanları sərhəddəki əhalinin profilaktik peyvəndlənməsi prosesinə başlayıblar. Yaxın həftələrdə ölkənin qərbində və şimalında, eləcə də Konqo Respublikasının cənubunda 2 milyona qədər insanın vəbaya qarşı peyvənd olunacağı gözlənilir. Peyvəndləmə, həmçinin paytaxtı Kinşasada da aparılacaq.
Hazırda vəba xəstəliyinə yoluxanların ən çox sayı Yuxarı Lomami, Şimali Kivu, Tanqanyika və Cənubi Kivu əyalətlərində qeydə alınır. Mütəxəssislər infeksiyanın açıq şəkildə Konqo çayına da yayılması riskinin olduğunu vurğulayırlar.
Vəba epidemiyası Konqo Demokratik Respublikasının şərqində Ebola epidemiyası fonunda baş verib ki, bu da əlavə çətinliklər yaradır.
Vəba xolera vibrionları tərəfindən törədilən təhlükəli yoluxucu xəstəlikdir. Orqanizmə infeksiya ilə yoluxmuş qida və ya su ilə daxil olur.






