Avtomobil dünyasında YENİLİK – Rekord göstəricili mühərrik hazırlandı
Çinin GAC şirkətinin mühəndisləri faydalı iş əmsalı (FİƏ) 99,03 faiz olan yeni elektromotor hazırlayıblar. “Quark 2.0” adlandırılan mühərrikdə amorf polad və karbon lifindən istifadə edilib.
Sfera.az xəbər verir ki, yeni mühərrikin əsas xüsusiyyətlərindən biri amorf poladdan hazırlanmış statordur. Bu material maqnit enerji itkilərini 60-80 faiz azaltmağa imkan verir.
Mühəndislər həmçinin 30 min dövr/dəqiqə sürətə davam gətirə bilən, karbon lifindən hazırlanmış rotordan istifadə ediblər. Onun cəmi 1 millimetr qalınlığında xüsusi korpusu var.
Bununla belə, amorf poladın yaratdığı vibrasiya və səs-küy mühəndislər üçün əlavə çətinlik yaradıb. Problemin aradan qaldırılması üçün elektromaqnit və konstruktiv optimallaşdırma aparılıb.
Yeni elektromotorun FİƏ göstəricisi 2025-ci ildə ABB tərəfindən hazırlanmış sənaye mühərrikinin 99,13 faizlik rekord göstəricisinə yaxınlaşıb.
Quark 2.0 mühərrikinin Aion və Hyptec markalı avtomobillərdə, o cümlədən yeni Aion i60 modelində istifadə edilməsi nəzərdə tutulur. İstehsal artıq başlayıb. Qiymətin münasib saxlanılması üçün mühəndislər ildə 300-400 min mühərrik istehsalına ehtiyac olduğunu bildirirlər.






