İran son kartını oynayacaq? - Tam bloklana bilər

“Vaşinqtonun Tehrana iqtisadi təzyiq göstərməsi İran hərbçiləri tərəfindən Hörmüz boğazı zonasının tam blokadaya alınması ilə nəticələnə bilər”.
Sfera.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” sosial şəbəkəsində paylaşım edib.
“Son günlərdə Vaşinqton İranın yeni raketləri barədə aydın xəbərdarlıq alıb. İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər olan dəniz təcrid zonası ilə qarşılanacaq. ABŞ hərbi gəmilərinə və bazalarına münasibətdə əməliyyat strategiyası köklü şəkildə yenidən nəzərdən keçirilib”, - deyə Rezai qeyd edib.
Bəs İran Fars körfəzini tam balokadaya ala bilərmi və bu mümkün olarsa, İranla körfəz ölkələri arasında münasibətlər necə olacaq?
Bu haqda Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev Fars körfəzinin İran tərəfindən tam blokadaya alınmasının mümkün ola biləcəyini açıqlayıb:
“Çünki vaxtilə Amerika Birləşmiş Ştatları da İranın Hörmüz boğazını bağlaya biləcəyinə inanmırdı. ABŞ bu il İranla ikinci dəfə müharibəyə başlayanda da bunu hesablamamışdı. Amma İran bu addımı atdı və bu gün dünya enerji siyasətinə, qlobal iqtisadi vəziyyətə, hətta ABŞ-nin özündə enerji böhranına gətirib çıxara biləcək bir vəziyyət yaranıb. Sözsüz ki, Amerika bunu gözləmirdi. ABŞ ən azı İranın bu addımı ata biləcəyini hesablamırdı. Amma İran bunu etdi və nəticələri göz qabağındadır. Hörmüz boğazının tam blokadaya alınması İranın son oyunudur və İran öz varlığını qorumaq üçün bu addıma gedə bilər. Təbii ki, bunu İran hərbçiləri və siyasi elitaları daha yaxşı bilir. Amma bu, ölüm-qalım məsələsi olsa belə, İran belə bir addım ata bilər”.

Ekspert münaqişənin daha da genişlənərək bütün Körfəz ölkələrini əhatə edə biləcəyini də qeyd edib:
“Eskalasiya davam edərsə, bu addım atıla bilər. Çünki masada indiki İran rejiminin ölüm-qalım məsələsi dayanır. Rejimin varlığını saxlamaq üçün ABŞ ilə müharibə elə bir həddə gəlib çıxa bilər ki, münaqişə bütün regionu və Körfəz ölkələrini əhatə etsin. Ən təhlükəlisi və ən pisi də bu ola bilər. Bu, onsuz da illərdir sabit olmayan Yaxın Şərqin od-alov içində yanmasına gətirib çıxara bilər. Bu, təkcə Yaxın Şərq üçün deyil, Yaxın Şərqlə bağlı olan ölkələr üçün də ağır nəticələr yarada bilər. Təbii ki, bu, istər bizim üçün, istərsə də Türkiyə üçün çox arzuolunmaz bir vəziyyətdir. Biz bunu istəməzdik, çünki İran bizim qonşu dövlətimizdir. Amma prosesdə eskalasiya davam edərsə, belə bir ssenari istisna edilmir. Bunu siyasi analitiklər də, dünya liderləri də dəfələrlə deyirlər və bu, çox ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də münaqişə həddindən artıq gərgin vəziyyətdədir. Daha böyük müharibələrə gətirib çıxara bilərmi? Bəli, gətirib çıxara bilər. Əgər İranla Amerika arasında gedən müharibənin eskalasiyası daha da güclənərsə, belə bir ssenarinin baş verməsi istisna edilmir”.
Bəsti Rəfizadə






