Netanyahunun İran strategiyası: "İsrail dayanmayacaq"

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin əsas xarici siyasət məqsədinin İranda rejimin dəyişdirilməsi olduğunu bildirib. Netanyahu deyib ki, bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətinə malikdirlər:
"Yəni, bu rejimi devirmək qarşımızda duran əsas məqsəddir, lakin ona nail olmaq artıq əlçatandır. Bu, mümkün deyil, əlçatandır".
İsrail baş nazirinin sözlərinə görə, İslam Respublikası indi əvvəlkindən daha zəifdir və yaşamaq uğrunda mübarizə aparır:
"Bizimlə oyun oynamayın. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var və mən İsrail xalqına gələn ildə, yaxın gələcəkdə bunu arzulayıram".
Bəs dəyişiklik real görünürmü?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Taleh Əliyevin sözlərinə görə, İsrail-İran qarşıdurması son illərdə yaranan proses deyil və tərəflər arasında münasibətlər 2025-ci ildəki 12 günlük və 2026-cı ildəki 40 günlük müharibədən xeyli əvvəl kritik həddə idi:
“Müxtəlif variantlar, müxtəlif planlar üzərində iş aparılsa da, rejimin daxildən zəiflədilmədən dəyişdirilməsinin mümkünsüz olduğunun fərqinə varan İsrail tərəfi, əslində, 2025-ci ildəki 12 günlük müharibə və 2026-cı ildəki 40 günlük müharibənin həyata keçirilməsində əsas məqsədi İranda rejim dəyişikliyinə nail olmaq idi. Mən elə zənn edirəm ki, rejim dəyişikliyi İsrail tərəfi üçün minimum hədəfdir. Maksimum hədəf isə ümumiyyətlə İranın vahid bir dövlət kimi varlığına son qoymaqdır”.

Ekspert iki vacib məqamın olduğunu da vurğulayıb:
“Burada iki vacib məqamı xüsusilə qeyd etmək lazımdır. Birincisi, İsrail tərəfi çox yaxşı anlayır ki, İranda rejim dəyişsə də, İran yenidən böyük, qüdrətli dövlət olacağı təqdirdə İsrail üçün yenidən fərqli formada problem yarada bilər. Həm gələcəkdə belə bir problemin yaşanmaması üçün, həm də İranın parçalanması məqsədilə İsrail liderinin İrandakı azadlıq uğrunda mübarizə aparan xalqlara, xüsusən Güney Azərbaycan türklərinə, kürdlərə, bəluclara, Əhvaz ərəblərinə də zaman-zaman müraciət etdiyi, onların öndə gələn insanları ilə iş birliyində olduğu barədə məlumatlar da var. Yəni bu iki səbəbdən İsrail tərəfinin İran strategiyası təkcə rejim dəyişikliyi ilə məhdudlaşmır, həm də İranın parçalanmasını hədəfləyir. Bu gün bu fikirlər ifadə olunursa, demək ki, 40 günlük müharibə və bu müharibənin ardınca tətbiq olunan siyasət, yəni sanksiya siyasəti, İranın Hörmüz boğazından blokadaya alınması, İran neftinin dünya bazarına çıxarılmasının əngəllənməsi siyasəti artıq daxildə xalqla rejim arasında uçurum yaradıb. Eyni zamanda, rejimdaxili ziddiyyətlər də o həddə çatıb ki, artıq yaxın gələcəkdə rejimin içdən çökməsi ilə bağlı İsrail tərəfində çox mühüm və faktlara söykənən sübutlar mövcuddur. Ona görə də İsrail Baş naziri əminliklə bu gün bu mövqeyi nümayiş etdirir”.
Bəsti Rəfizadə






