29 barmaqlı pişik rekord qırdı - FOTO

ABŞ-nin Viskonsin ştatında yaşayan “Maine Coon” cinsli “Erebus Anomaly” adlı pişik 29 barmağı ilə dünyanın ən çox barmağa sahib pişiyi kimi rekord qırıb.
Sfera.az xəbər verir ki, “Erebus”un qeyri-adi xüsusiyyəti bəzi pişiklərdə əlavə barmaqların yaranmasına səbəb olan polidaktiliya adlı genetik xüsusiyyətlə əlaqələndirilir. Bu xüsusiyyət “Maine Coon” cinsində nisbətən geniş yayılıb.
“Erebus” mart ayında bir pəncəsində 8, digər üç pəncəsində isə 7 barmaq olmaqla doğulub. Onun bioloji atası da hər pəncəsində 6 olmaqla ümumilikdə 24 barmağa sahib olub.
Pişik rekorddan əvvəl ciddi sağlamlıq problemi də yaşayıb. Ağızla nəfəs aldığı müşahidə olunan “Erebus” baytarlıq klinikasına aparılıb və ona pnevmoniya diaqnozu qoyulub. Oksigen və müalicədən sonra tam sağalan pişiyin rentgen görüntüləri rekord üçün də sübut kimi təqdim edilib.
Ginnesin Dünya Rekordları mayın 13-də “Erebus Anomaly”nin ən çox barmağa sahib pişik titulunu qazandığını rəsmən təsdiqləyib.
İradə Elsevər







