Onların “Signal” və “WhatsApp” hesabları hədəf alındı

Dövlət tərəfindən dəstəklənən haker qruplarının Avropa İttifaqı rəsmilərinin “Signal” və “WhatsApp” hesablarını ələ keçirməyə cəhd etdiyi məlum olub.
Sfera.az xəbər verir ki, bu barədə “Euronews”un əldə etdiyi Avropa Komissiyasının məxfi təqdimatında qeyd olunub.
Məlumata görə, bu, Aİ qurumlarının dövlət aktorlarının təşkil etdiyi hədəfli “spearphishing” hücumları ilə bağlı ilk rəsmi etirafıdır. Bu üsulda hakerlər konkret şəxslərə və ya qurumlara fərdiləşdirilmiş mesajlar göndərərək məlumatları ələ keçirməyə və ya zərərli proqram təminatı yerləşdirməyə çalışırlar.
Avropa İttifaqının kibertəhlükəsizlik üzrə ekspertləri bildiriblər ki, hücumlar əsasən iki istiqamətdə həyata keçirilib. Birinci halda yüksək vəzifəli rəsmilərin “Signal” və “WhatsApp” hesablarının ələ keçirilməsinə cəhd göstərilib. İkinci halda isə Aİ-nin sanksiyaları və rəsmi açıqlamaları kimi mövzulara istinad edən “sosial mühəndislik” üsullarından istifadə olunub.
Son 12 ay ərzində Aİ ekosisteminə qarşı 190-dan çox kibertəhdid aktoru müəyyən edilib. 2026-cı ilin ilk yarısında isə səkkiz ciddi insident qeydə alınıb.
İnci
Sfera.az






