Brüssel silahlı insidentin mərkəzinə çevrildi

Belçikanın paytaxtı Brüsseldə son dörd gündə dörd silahlı hücum baş verib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsselin Sen-Jil əyalətində yerli vaxtla təxminən saat 02:40 radələrində atışma baş verib. Hadisədə yaralanan 1 nəfər xəstəxanaya aparılarkən, polis 2 şübhəlinin saxlanıldığını açıqlayıb. Brüsselin Anderlext əyalətində də avqustun 21-i axşam saatlarında polis mərkəzinə uzun lüləli silahla atəş açılıb. Brüssel Cənub Polis Bölməsi hücum nəticəsində ölən və ya yaralananın olmadığını, polis mərkəzinin fasadında çoxsaylı güllə izlərinin aşkarlandığını bildirib.
Sent-Gilles əyalətində isə avqustun 22-də silahlı hücum baş vermiş, əyalətin bələdiyyə sədri meri Jan Spinett bir nəfərin ayağından yaralandığını, lakin həyati təhlükəsinin olmadığını açıqlayıb. Spinett hücumun narkotik ticarəti ilə əlaqəli ola biləcəyini, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırmanın davam etdiyini bildirib.
Dünən əyalətdə səhər yerli vaxtla saat 07:00 radələrində də atəş açılmış, güllələrdən biri evin pəncərəsinə dəyib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Avropa İttifaqının (Aİ) qurumlarına ev sahibliyi edən Brüssel son illərdə narkotik qaçaqmalçılığı və dəstələr arasında hesablaşmalar səbəbindən artan təhlükəsizlik problemləri ilə gündəmə gəlir. Avropanın ən böyük giriş qapılarından biri olan Antverpen limanı Latın Amerikasından Avropaya göndərilən kokain daşımalarının əsas mərkəzlərindən biri hesab olunur. Rəsmilərin məlumatına görə, ölkəyə daxil olan narkotikin əhəmiyyətli hissəsi Brüssel və ətrafındakı paylama şəbəkələri vasitəsilə bazara çıxarılır. Paytaxtda fəaliyyət göstərən cinayətkar qruplar arasında baş verən ölümcül hesablaşmalar son dövrdə təhlükəsizlik qüvvələrinin əsas gündəm məsələlərindən birinə çevrilib.
Qeyd edək ki, Belçika polisi 2025-ci ildə Brüsseldə əksəriyyəti narkotik ticarəti ilə əlaqəli olmaqla 96 silahlı hücum qeydə almışdı. Ardıcıl baş verən və uzun müddət gündəmdə qalan bu hadisələrdə 8 nəfər həyatını itirmişdi.
İradə Elsevər






