Tramp Kanada ilə ticarət müharibəsində uduzur - Atlantik

ABŞ Prezidenti Donald Trampın Kanada ilə ticarət münaqişəsində təzyiq siyasəti gözlənilən nəticəni verməyib.
Sfera.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı yazıb.
Nəşrin məlumatına görə, ABŞ iqtisadi baxımdan Kanadadan xeyli böyük olsa da, Ottava ticarət münaqişəsi zamanı daha rasional mövqe nümayiş etdirir və milli maraqlarını qorumağa çalışır. Kanadanın Baş naziri Mark Karninin Trampdan daha yüksək reytinqə malik olduğu, kanadalıların isə Vaşinqtona qarşı etimadsızlıq ətrafında birləşdiyi qeyd edilir.
"The Atlantic" ABŞ-da artan dövlət borcu, yüksək faiz dərəcələri və enerji böhranının da ölkə üçün əlavə təzyiq yaratdığını vurğulayıb.
Jurnalın qənaətinə görə, Trampın münaqişələrdə yalnız gücün deyil, dözümlülüyün də mühüm rol oynadığını qəbul etməməsi onun İranla müharibədə məğlubiyyətinə, həmçinin Kanada ilə ticarət münaqişəsində çətin vəziyyətə düşməsinə səbəb olub.
ABŞ Ticarət nümayəndəsi Ceymison Qrir daha əvvəl bildirib ki, Kanada hökuməti Vaşinqtonun sərfəli hesab etdiyi razılaşmanı qəbul etməyib. Bunun ardınca Kanadanın bəzi məhsullarına tətbiq edilən 50 faizlik ABŞ gömrük rüsumları şənbə günündən qüvvəyə minib.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ-la ticarət danışıqlarını dayandırdığını açıqlayıb. O bildirib ki, Ottava sentyabrın 8-dən işçiləri və biznesləri qorumaq məqsədilə ABŞ mallarına cavab tarifləri tətbiq edəcək.






