Almaniyada anbarlar tam dolmayıb: Ölkə qaz böhranı yaşaya bilər

Almaniyada anbarlar tam dolmayıb: Ölkə qaz böhranı yaşaya bilər
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazının blokadaya alınması qlobal enerji bazarında əlavə təzyiq yaradıb. Neft və təbii qaz tədarükündə mümkün fasilələr qiymətlərin yüksəlməsinə səbəb olur. Yay aylarında qiymətlərin daha aşağı olacağı gözləntisi ilə qaz alaraq anbarları doldurmağı planlaşdıran şirkətlər isə yüksək qiymətlər səbəbindən alışları məhdudlaşdırırlar.

Sfera.az xəbər verir ki, mövcud vəziyyət 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra yaşanan enerji böhranını xatırladır.

Həmin dövrdə Almaniyada qaz anbarlarının doldurulması üçün dövlət tərəfindən milyardlarla avro vəsait ayrılmışdı.

Əsas müxalifət partiyalarından biri olan Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Vaydel hökuməti sərt tənqid edib.

O bildirib ki, qaz anbarlarının yarıboş vəziyyətdə qalması təchizat təhlükəsizliyi baxımından ciddi risk yaradır. Vaydel hökumətin enerji siyasətinin ölkənin qaz təminatını təhlükə qarşısında qoyduğunu vurğulayıb.

Yaşıllar Partiyasının müxalifətdəki enerji siyasəti üzrə sözçüsü Maykl Kellner də hökumətin siyasətini tənqid edib. Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyət bazar mexanizmlərinin effektivliyini zəiflədib.

Kellner xəbərdarlıq edib ki, anbarların qısa müddətdə lazımi səviyyəyə çatacağına dair heç bir ciddi əlamət yoxdur. Onun fikrincə, qışda mümkün təchizat fasilələrinin qarşısını almaq üçün Almaniya daha yüksək qiymətlərlə qaz idxal etməyə məcbur qala bilər.

Avropa Enerji Birjasının baş direktoru Tobias Paulun isə əlavə siyasi tədbirlər görülmədən qaz anbarlarının yalnız bazar mexanizmləri hesabına doldurulmasının çətin olduğunu bildirib:

“Əgər təbii qaz yay aylarında qışdan daha baha olarsa, şirkətlərin kommersiya maraqları anbarların doldurulmasını təmin etməyə kifayət etməyəcək. Bu səbəbdən siyasi iradə və əlavə mexanizmlərin tətbiqi zəruri ola bilər”.

Beləliklə, Almaniyada qış mövsümünə hazırlıq çərçivəsində qaz ehtiyatlarının mövcud səviyyəsi hökumət üçün ciddi sınağa çevrilib. Anbarların qarşıdakı həftələrdə hansı sürətlə doldurulacağı isə ölkənin qış aylarında enerji təhlükəsizliyi baxımından əsas məsələlərdən biri olacaq.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR