Avropa gələcəkdə daha çox yanğınla üzləşəcək

Avropa gələcəkdə daha çox yanğınla üzləşəcək
Kateqoriya məlum deyil
T

Avropanı qarşıdakı illərdə daha böyük meşə yanğınları gözləyir.

Yeni araşdırmaya görə, lazımi tədbirlər görülməzsə, əsrin sonuna qədər qitədə yanğınlar nəticəsində məhv olan ərazilərin sahəsi 39 faiz arta bilər.

Sfera.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, planetin istiləşməsinin qarşısının alınması üçün ən yaxşı ssenaridə belə, meşə yanğınları ilə bağlı risklər tamamilə aradan qalxmayacaq. Karbon emissiyalarının qlobal temperaturu yüksəltməsi nəticəsində isti, quraq və küləkli hava şəraitinin Avropanın daha geniş ərazilərinə yayılacağı gözlənilir.

Bu isə kiçikmiqyaslı yanğınların böyük və nəzarətdən çıxan fəlakətlərə çevrilməsi riskini artıracaq. Alimlərin modelləşdirdiyi ən pis ssenaridə isə qlobal istiləşmənin sənaye dövründən əvvəlki səviyyədən 3,6 dərəcə yuxarı qalxacağı halda yanğınlar nəticəsində yanan ərazilərin sahəsi təxminən üç dəfə arta bilər.

Araşdırma göstərib ki, yanğınların idarə olunması və mübarizə imkanlarının yaxşılaşdırılması bu artımın 70 faizdən çoxunu məhdudlaşdıra bilər. Lakin bu tədbirlər problemi tamamilə aradan qaldırmaq üçün kifayət etməyəcək.

Potsdam İqlim Təsirlərinin Tədqiqi İnstitutunun ekosistem tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Maik Billing bildirib ki, yanğınların idarə edilməsinə yatırılan investisiyalar müəyyən həddə qədər faydalı ola bilər:

“Lakin yüksək emissiya yolunda irəliləməyə davam etsək, yanan ərazilərdə yenə də ciddi artım görəcəyik. Yanğınların idarə edilməsi iqlim böhranının azaldılmasını əvəz edə bilməz”.

Araşdırma Fransa, İspaniya, İtaliya, Xorvatiya və Yunanıstanda həftələrlə davam edən nəhəng meşə yanğınlarının yaşandığı dövrdə yayımlanıb. Eyni zamanda Böyük Britaniya, Belçika və Almaniya kimi Şimali Avropa ölkələri də iri yanğınlarla üzləşib. Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) tərəfindən yayımlanan məlumatlara görə, Avropa İttifaqında builki yanğın mövsümü 2025 və 2022-ci illərdən sonra tarixdə üçüncü ən pis mövsüm olmağa doğru gedir. Hazırkı mərhələdə artıq 600 min hektardan çox ərazi yanıb. Belçika, Fransa və Slovakiyada isə yanğınların əhatə etdiyi ərazilərin sahəsi ilin bu dövrü üçün rekord həddə çatıb. Tədqiqatçılar 2070-2100-cü illər üzrə illik yana biləcək ərazilərin proqnozlarını 2000-2030-cu illərlə müqayisə ediblər. Nəticədə yanğın iqlimindəki pisləşmənin bu artımın əsas səbəbi olduğu müəyyənləşdirilib.

Qlobal istiləşmənin 1,8 dərəcə ilə məhdudlaşdırıldığı optimist ssenaridə bəzi bölgələrdə yanğın riskində cüzi artım, digər ərazilərdə isə əhəmiyyətli dəyişiklik olmadığı müəyyən edilib. Lakin əsrin sonuna qədər istiləşmənin 3,6 dərəcəyə çatdığı pessimist ssenaridə demək olar ki, bütün Avropada yanğın şəraitinin davamlı şəkildə pisləşəcəyi proqnozlaşdırılıb. Alimlərin hesablamalarına görə, mövcud siyasətlər davam etdirilərsə, əsrin sonuna qədər qlobal temperaturun təxminən 2,6 dərəcə artması mümkündür. Tədqiqatçılar başqa bir modeldən də istifadə edərək yanğınsöndürmə imkanlarının inkişaf etdirilməsinin təsirlərini araşdırıblar. Nəticələrə görə, yanğınsöndürmə imkanlarının davamlı şəkildə yaxşılaşdırılması, xüsusilə daha mülayim iqlim ssenarisində, yanan ərazilərin sahəsini 92 faizə qədər azalda bilər. Lakin burada paradoksal vəziyyət də ortaya çıxıb. 1980-ci illərdən etibarən yanğınsöndürmə imkanlarının inkişaf etdirilməsi Cənubi Avropada yanğınların sayını və yanan ərazilərin sahəsini azaltmağa kömək edib. Bununla belə, kiçik yanğınların belə tamamilə söndürülməsi meşələrdə yanacaq rolunu oynayan bitki örtüyünün yığılmasına səbəb ola bilər. Beləliklə, əlverişli hava şəraiti yarandıqda daha az sayda, lakin daha güclü və dağıdıcı yanğınların meydana çıxması mümkündür.

Mütəxəssislərin qənaətinə görə, Avropada meşə yanğınları ilə mübarizə yalnız yanğınsöndürmə imkanlarının artırılması ilə məhdudlaşmamalıdır. İqlim dəyişikliyinin qarşısının alınması, meşələrin düzgün idarə olunması və yanacaq yükünün azaldılması uzunmüddətli həll üçün əsas amillər hesab olunur.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR