Vaşinqtonda Netanyahuya münasibət dəyişib? – Pərdəarxası məqamlar

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlər kritik həddə çatıb. Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşlə bağlı iki lider arasında pərdəarxasında yaşananlar dərin fikir ayrılıqlarını və Ağ Evin İsrail rəhbərliyinə olan ciddi narazılığını üzə çıxarıb.
Sfera.az xəbər verir ki, “Axios”un məlumatına görə, tərəflər arasında bazar ertəsi üçün hər hansı rəsmi görüş planı olmayıb.
Trampın hakimiyyətdə olduğu bir il yarım ərzində Oval Ofisi altı dəfə ziyarət edən və adətən bir neçə saat içində görüş təsdiqlədən Netanyahunun bu dəfə iki həftədən çoxdur görüş ala bilməməsi iki ölkə arasındakı münasibətlərin soyuduğuna işarədir.
İki lider arasındakı gərginliyin əsas səbəblərindən biri Netanyahunun Trampın Türkiyəyə səfəri ərəfəsində "Fox News"a çıxaraq ABŞ-nin Türkiyəyə “F-35” döyüş təyyarələri satmaq niyyətini sərt tənqid etməsidir. Ağ Ev rəsmiləri Trampın bu çıxışdan ciddi şəkildə əsəbiləşdiyini və Netanyahunun bu məsələyə müdaxilə etməyə haqqının olmadığını düşündüyünü bildirib.
Səfər çərçivəsində İsrail tərəfinin "Ankarada Trampa sui-qəsd cəhdi olacaq" məzmunlu kəşfiyyat məlumatı ötürməsi də gərginliyi artırıb. Lakin ABŞ rəsmiləri bu məlumatın doğrulanmadığını və əməliyyatdan çox, sadəcə bir "arzulanan ssenari" olduğunu qeyd edib. Türk təhlükəsizlik xidmətlərinin apardığı araşdırmalar da bu iddiaları təsdiqləməyib.
Yaşanan bu böhran Netanyahunun Vaşinqtondakı siyasi nüfuzunun həm Demokratlar, həm də Trampın yaxın çevrəsi, xüsusilə MAGA bazası arasında ciddi şəkildə zəiflədiyini göstərib. ABŞ Vitse-prezidenti Ceyms Devid Vens də daxil olmaqla, bir çox yüksək vəzifəli şəxslər Netanyahunu İranla bağlı qeyri-real və optimist proqnozlar verməkdə, eləcə də Tramp administrasiyasının siyasətini sabotaj etməkdə ittiham edib.
Bu mənzərə, yaşanan görüş böhranının sadəcə bir görüşdən ibarət olmadığını, Netanyahunun ABŞ paytaxtındakı mövqeyinin artıq ciddi təhlükə altında olduğunu ortaya qoyub.
Bəsti Rəfizadə
